Gəncədə yeni idman kompleksi inşa olunur. Bu haqda Gencexeber.az 13 oktyabr tarixində “AZTV”-yə istinadən məlumat verir.
Gəncədə hazırda fəaliyyət göstərən kompleksin müasir standartlara cavab vermədiyi, təmirə ehtiyacı olduğu üçün və şəhər sakinlərinin idmana olan böyük marağı səbəbindən yeni idman kompleksi tikilir.
Kompleksin birinci korpusu 4 mərtəbədən ibarətdir. İkinci korpus 6 mərtəbəlidir və idman yarışları üçün nəzərdə tutulub. 3-cü korpus isə idmançıların qalması üçün mehmanxana və şahmat məktəbi kimi istifadə olunacaq. Bu məlumatı podratçı şirkətin baş mühəndisi Yusif Yaqubaliyev verib.
Kompleksin ümumi sahəsi 18 hektardır. Binalarda idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün həmçinin bouliq və atıcılıq zalları, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər fəaliyyət göstərəcək.
Qeyd edək ki, idman sarayının 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.