Gəncədə teatr binasının tikintisi ilə bağlı audit keçirilib. Bu haqda 12 aprel tarixində Azərtac-a istinadən məlumat veririk.
Hesablama Palatası 2022-ci il üzrə İş planına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılan dövlət investisiyaları üzrə uyğunluq auditi aparıb. Yoxlama ilə “Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının inşası” layihəsi (2014-2022-ci illər) və bu proyektə istifadə edilən 42.434,2 min manat vəsait əhatə olunub.
Audit nəticəsində müəyyən edilib ki, layihəyə yönəldilən 44.538,0 min manat məbləğində vəsaitlərdən istifadənin auditi nəticəsində 42.434,2 min manatdan istifadə edildiyi müəyyən olunub. Qənaət edilmiş 2103,8 min manat vəsait hesabına əlavə olaraq teatr binasında ilkin layihədə nəzərdə tutulmayan, lakin müasir tələblərə uyğun olan qonaq otaqları və iaşə sahələri yaradılaraq tam təchiz olunub, obyektin ətraf ərazilərində abadlıq işləri yerinə yetirilib, binada teatrın muzey ekspozisiyası yaradılaraq eksponatlarla təmin edilib.
Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının inşası obyekti üzrə dövlət investisiya layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifi tam tərtib olunmayıb. Qüvvədə olan normativ hüquqi aktlara uyğun hazırlanmış və təsdiq edilmiş layihə-smeta sənədləri, texniki-iqtisadi hesablamalar Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyib. Obyekt üzrə hazırlanmış “Layihə tapşırığı”na bir neçə dəfə dəyişiklər edildiyindən layihə-smeta sənədlərinin hazırlanmasına 197,0 min manat və yenidən ekspertizadan keçirilməsinə 26,0 min manat olmaqla, ümumilikdə 223,0 min manat xərc olunub. İşlərin satın alınması məqsədilə podratçı təşkilatla 2 halda (2015-ci və 2018-ci illərdə) bağlanmış satınalma müqavilələrinin şərtlərini dəqiqləşdirən sənəd olan xüsusi və texniki şərtlər tərtib edilməyib.
Obyekt üzrə tərtib edilmiş smeta sənədlərində tikinti materiallarının fiziki göstəricilərinin mövcud normativlərdən fərqli tətbiq edilməsi nəticəsində 130,0 min manat məbləğində kənarlaşmaya yol verilib. Smeta sənədlərində göstərilən iş həcmlərinin “Yerinə yetirilmiş işlərin qəbulu Aktları”na daxil edilərkən düzgün hesablamaların aparılmaması (hesab səhvi) səbəbindən podratçıya 33,3 min manat artıq vəsait ödənilib. Obyektə fiziki baxış keçirilərkən 227,3 min manat dəyərində işlərin yerinə yetirilmədiyi və 125,1 min manat dəyərində (12 adda) mebel və inventarın yerində olmadığı müəyyən edilib. Audit dövründə çatışmazlıqlar tam bərpa olunub.