Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Bu haqda məlumatı iyulun 23-ü Realtv-yə istinadən veririk.
Gəncə şəhər Baş polis İdarəsinin və ona tabe qurumların əməkdaşları kompleks əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Səhrəddin Vəliyev və Elnur Quliyev saxlanılıblar. Baxış keçirilən zaman hər birinin üzərində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar olunub.
Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində isə narkokuryerlər saxlanılıb. Şəhər sakini Məlahət Qurbanzadə və Nicat Cavad-Purun üzərindən narkotik maddə olan metamfetamin, heroin və müxtəlif növ güclü təsiredici psixotrop həblər aşkar edilərək götürülüb.
Bölmə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə şəhər sakini Tural Qasımovda metamfetamin aşkarlanıb.
Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 4 kiloqram çəkisi olan 45 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Nəticədə fərdi yaşayış evinin sahibi olan şəhər sakini Sahib Hacıyev yaxalanıb. Dindirilmə zamanı o, çətənə kollarını özünün şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb.