Gəncədə Avropa çempionatında uğurlu çıxış etmiş güləşçilərin qarşılanma mərasimi təşkil olunub. Bu haqda məlumatı 23 iyun tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən veririk.
Belə ki, idmançılarımız doğma şəhərlərinə qayıtmaqları münasibətilə Heydər Əliyev Park-kompleksinin girişində Zəfər Tağının önündə təntənəli qarşılama mərasimi keçirilib. Tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edib. O, sərbəst güləşçilərimizi təbrik edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb. Həmçinin, şəhərin idman ictimaiyyətinin nümayəndələri də çıxış edərək, gənc idmançılarımızın uğurlarına sevindiklərini və gələcəkdə bundan da böyük qələbə qazanacaqlarına əmin olduqlarını bildiriblər.
Xatırladaq ki, Sadiq Hüseynov, Vasif Bağırov və Camal Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sərbəst güləş idman növü üzrə çempionatda qızıl medal qazanıblar.