Gəncədə Bakı Dövlət Universitetinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə görkəmli ədib, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu haqda 20 aprel tarixində Gəncəxəbər.az Gəncə ŞİH-yə istinadən xəbər verir.
Əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və ali təhsil müəssisəsinin nümayəndə heyəti Gəncədə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Daha sonra BDU-nun nümayəndə heyəti Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə olub. Görkəmli ədibin büstü önünə gül dəstələri qoyulub.
BDU tərəfindən məktəbə “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kömpüter dəsti hədiyyə edilib. Bundan əlavə, məktəbə BDU Elmi Kitabxanasından 102 adda 125-dək kitab təqdim edilib. Daha sonra məktəb şagirdlərinin ifasında Mir Cəlal Paşayevin əsərləri əsasında hazırlanmış səhnəciklər göstərilib, görkəmli yazıçının məşhur aforizmlərindən seçmələr səsləndirilib.
Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyində davam edib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva və başqaları iştirak ediblər.
Daha sonra BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin nəticələri elan olunub. Müsabiqədə I yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Fidan Hüseynova, II yerə II kurs tələbəsi Nuridə İsmayılova, III yerə Hüquq fakültəsinin II kurs tələbəsi Nurlanə Şirinova layiq görülüblər.
Mexanika-riyaziyyat fakültəsinin II kurs magistrantı Fatimə Musayeva və Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Salahlı müsabiqənin xüsusi mükafatını qazanıblar.
Müsabiqənin qalibi Fidan Hüseynova öz hekayəsini oxuyub. Daha sonra BDU-nun rektoru muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb.