Gəncədə səhər saatlarından əsən güclü külək bir sıra fəsadlar törədib. Bu haqda məlumatı martın 19-u Report-a istinadən vermişdik.
Güclü külək nəticəsində bir neçə binanın dam örtüyü dağılıb, elektrik dirəkləri və ağaclar aşıb. Küçə və prospektlərdə 10-a yaxın ağac kökündən qopub, bəzilərinin isə budaqları sınıb.
Nizami Gəncəvi prospektində evin qırmızı kərpicli üzlüyü ana və uşağın üzərinə düşüb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Külək, həmçinin elektrik dirəklərini aşırıb, naqilləri sındırıb və bu səbəbdən həmin ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, aidiyyəti qurumlar tərəfindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.