Gəncə Şəhidlər xiyabanında şəhid Qəzənfər Məmmədovun şəhadətinin il dönümü münasibəti ilə xatirəsi anılıb. Bu haqda Gencexeber.az 13 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.
Tədbirdə şəhidin yaxınları ilə yanaşı, Gəncə şəhər baş Polis idarəsinin və Nizami yurdundakı daxili qoşunların rəhbərliyi də iştirak ediblər. Şəhidin məzarına gül çələngi qoyulub, ruhuna dualar oxunub.
Qəzənfər Məmmədov 1996-cı il avqustun 23-də Gəncə şəhərinin Gülüstan qəsəbəsində dünyaya gəlib. 2003-2014-cü illərdə Gəncə şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2019-cu illərdə isə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsilini davam etdirib.
Vətən Müharibəsinin başlaması ilə əlaqədar Qəzənfər döyüşlərə qatılmışdır. O, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı şəhid olan leytenant 11 noyabrda Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Qəzənfər Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən aşağıda göstərilən medallar ilə təltif olunmuşdur:
- 3-cü dərəcəli “Rəşadət” ordeni (ölümündən sonra)
- “Vətən uğrunda” medalı (ölümündən sonra)
- “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
- “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)