Gəncədə 14 oktyabr tarixində ASAN könüllüləri üçün “açıq qapı günü” keçirilib. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Tədbir Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə keçirilib. Məqsəd könüllülərin mərkəzin fəaliyyəti, qəza-xilasetmə əməliyyatlarında istifadə edilən xilasetmə texnika və avadanlıqları ilə tanış olması, eyni zamanda onlara fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərin aşılanması olub.
Mərasim Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərkəzin binasında yerləşən Ümumimilli Lider Heydər Əliyev guşəsi ziyarət edilib. Tədbir daha sonra akt zalında davam edib. İştirakçılara təbii və texnogen mənşəli fövqəladə halların baş vermə səbəbləri və bu zaman davranış qaydaları barədə məlumat verilib.
Günün sonunda könüllülərin mövzu ilə bağlı sualları cavablandırılıb.