Gəncədə şəhər rəhbərliyi Fransa səfirini qəbul edib. Bu haqda 16 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra başçısı Niyazi Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Ann Buayonla görüşüb. Tədbirdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Şəhər rəhbərliyi şəhərin iqtisadi, sənaye, elm, təhsil və digər sahələri haqqında məlumat verib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri şəhərin iqtisadi və turizm potensialının genişlənməsinə təkan verir, çünki sözügedən ərazilərə ən yaxın sənaye və logistika mərkəzi Gəncədir.
Fransanın səfiri Ann Buayon ölkəmizdə diplomatik fəaliyyətinin başladığı müddətdə ilk rəsmi səfərini məhz Gəncə şəhərinə etdiyini diqqətə çatdırıb. O, “Azəralümünium” ASC, Gəncə Dövlət Universitetini, Azərbaycan Dövlət Aqrar Universitetini ziyarət edəcəyini bildirib.
Görüşdə ikitərəfli iqtisadi əməkdaşlıq imkanları da müzakirə edilib. Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.