Gəncədə Ekoloji Park Kompleksi yaradılır. Bu haqda məlumatı iyunun 13-ü Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən veririk.
Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində Ekoloji Park Kompleksi salınacaq. Fərqli dizaynı ilə seçilən istirahət guşəsində sakinlərin rahatçılığı üçün şərait yaradılacaq.
Şəhər rəhbəri Niyazi Bayramov Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsinə baş çəkib. O, orada aparılan hazırlıq işləri ilə yaxından tanış olub. Ona xəbər verilib ki, Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edəcək.
Burada müxtəlif növ gül-çiçək, eləcə də ağac tingləri yetişdiriləcək. Orada əyləncə mərkəzləri, idman qurğuları, müxtəliv növ təyinatlı obyektlərin yerləşdirilməsi planlaşdırılır. Kompleksdə cürbəcür balıqlar üçün akvariumun da olacağı qeyd olunub.
Niyazi Bayramov Ekoloji Park Kompleksinin inşası üçün nəzərdə tutulan əraziyə baxış keçirib və müavafiq tapşırıqlar verib.
Qeyd edək ki, Gəncə şəhərində ümumilikdə 14 park və istirahət guşəsi var ki, bu məkanların yaşıllıqlarla təmin edilməsi üçün Gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağaclar yetişdirilir.
