Gəncədə türk müəllimlərlə görüş keçirilib. Bu haqda 23 may tarixində GDU-ya istinadən məlumat veririk.
Dokuz Eylül Universitetinin professoru Kerem Canlı və dosent Ergin Şahin ikili diplom proqramı çərçivəsində ali təhsil ocağına təcrübə mübadiləsi üçün Gəncə Dövlət Universitetinə ezam olunublar. GDU-nun rektoru Yusif Yusifov qonaqları qəbul edib.
Görüşdə Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev iştirak ediblər. Rektor qonaqları salamlayaraq Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələrindən danışıb. O, yeni tədris ilindən ali təhsil ocağında ikili diplom proqramı üzrə mütəxəssis hazırlığına başlanılacağını qeyd edib, yaradılan imkanlara və göstərilən dəstəyə görə Dokuz Eylül Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.
Dokuz Eylül Universitetinin əməkdaşları imzalanmış ikili diplom müqaviləsinin səmərəli olacağına əminliklərini ifadə ediblər. Daha sonra professor Kerem Canlı “Prokariot orqanizmlər”, dosent Ergin Şahin “Virusların bioekoloji xüsusiyyətləri” mövzusunda Kimya-biologiya fakültəsinin tələbələri üçün ustad dərsləri keçiblər.