Gəncədə məktəb direktorunu intihara sövq edən səbəblərə dair rəsmi açıqlama verilib. Gencexeber.az bu barədə 25 iyun tarixində Apa.az-a istinadən xəbər verir.
İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın sözlərinə görə, onu bu addımı atmağa Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təzyiqləri təhrik edib.
Təhsil İdarəsindən təzyiqlərlə bağlı yayılan iddia təkzib olunub. Bildirilib ki, quruma həmin məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əməkhaqqı köçürülməsi, habelə 4 aprel tarixində işdən azad edilməsi barədə xəbər daxil olub.
Araşdırma nəticəsində daxil olan məlumatın həqiqi olduğu təsdiqini tapıb. Həmin müəllimin dərs saatlarının müvafiq müəllimlər arasında bölünməsi barədə əmrin düzgün olmaması aşkar edilib.
Daha sonra, İdarə tərəfindən müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib: “Qeyd olunan məsələlərlə bağlı ictimaiyyətə əlavə məlumat bildiriləcək”.