25.4 C
Gence
18.5 C
Ganja

Bu gün rejissor və aktyor Adil İsgəndərovun anım günüdür

Söhbət Zaqafqaziyanın ilk SSRİ Xalq artistindən gedir. Adil (Ədil) İsgəndərovun ölümündən 45 il ötür. O, 5 may 1910-cu ildə Gəncədə anadan olub. 

Adil İsgəndərov 13 yaşında “Qaçaq Kərəm” tamaşasını qurub və “Kərəm” obrazını özü oynayıb. 1928-1931-ci illərdə Bakı Teatr Texnikumunun rejissor-aktyor bölməsində təhsil alıb. 1936-cı ildə Adil İsgəndərov Bakıya qayıdıb, indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına (Azdrama) baş rejissor, sonra direktor təyin olunub. O, 1960-cı ilə kimi Dram Teatrında fəaliyyət göstərib və onun dövründə “Azdrama”ya “Adil İsgəndərov teatrı” deyilib. İsgəndərov “Vaqif”, “Həyat”, “Fərhad və Şirin”, “Xanlar”, “Od gəlini” kimi tamaşaları səhnələşdirib.

Sənətkar, həmçinin aktyor kimi də fəaliyyət göstərib. 1956-cı ildə Adil ilk dəfə Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmində Qoçu roluna çəkilib. O, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərdə rol alıb. Həmçinin o, 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edib.

Onun aktyor kimi ən uğurlu işi “Axırıncı aşırım” filmində yaratdığı Kərbəlayı İsmayıl obrazı hesab edilir. O, bu rola görə Ümumittifaq festivalının “Kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olub.

Adil İsgəndərov yalnız “Əhməd haradadır?” filminin quruluşçu rejissoru olub.

İsgəndərov Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti, Zaqafqaziyanın ilk SSRİ Xalq artisti adlarına layiq görülüb.

Adil İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.