Bu gün Hikmət Hacıyevin doğum günüdür. Onun 43 yaşı tamam olur.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olub. Hikmət Hacıyev Gəncə şəhəri 24 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrində alıb.
2000-ci ildən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə, daha sonra isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub. 2019-cu ildən Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini icra edir.
Vətən müharibəsi zamanı Hikmət Hacıyev dəfələrlə Gəncəyə gəlib və şəhərin Ermənistanın raket hücumlarına məruz qalmasını dünya birliyinə çatdırıb. Şəhərimizə hər səfərini o, bir qrup diplomatik nümayəndə ilə birgə həyata keçirib. Əsas məqsəd əcnəbi qonaqların gördüklərini öz ölkələrində doğru və şəffaf şəkildə çatdırmalarına nail olmaq idi.
Hikmət Hacıyev “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Gencexeber.az kollektivi Hikmət Hacıyevi doğum günü münasibətilə təbrik edir!