19 C
Gence
19 C
Gence

Bu gün aktrisa Kübra Əliyevanın doğum günüdür

Azərbaycan teatr və kino aktrisası Kübra (Kübrabəyim) Ağa qızı Əliyeva 5 yanvar 1949-cu ildə Gəncədə anadan olub.

O, 1966-cı ildə Gəncədə 21 saylı orta məktəbi bitirib. 1970-ci ildə Kübra xanım Gəncə Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Aktrisanın debütü, onun Ənvər Məmmədxanlının “Şərqin səhəri” dramının tamaşasında “Anjella Kovalini” rolu hesab edilir. Sonra aktrisa fəaliyyətini Sumqayıt Dövlət Dram Teatrında davam etdirib.

Kübra Əliyeva Sumqayıtda işlədiyi müddət “Anam gəldi”, “Elbrus evlənir”, “Solğun çiçəklər”, “Ana məhəbbəti”, “Sən nə üçün yaşayırsan” tamaşalarında müxtəlif obrazlar canlandırıb.

Kübra xanım 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub. Daha sonra aktrisa Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmağa başlayıb. O, burada Sənəm (“Məşədi İbad”), Gövhər xala (“Gözün aydın”), Balı (“Qızıl toy”), Gülbadam (“Sevgilimin anası”) və başqa rolları ifa edib.

Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərməyə başlayıb. Kübra Əliyeva, həmçinin müxtəlif teletamaşalarda və filmlərdə obrazlar canlandırıb. O, “Evləri köndələn yar”da “Bazarkomun arvadı”, “Analar”da “Zərbuta”, “İtkin gəlin”də “Xədicə”, “Sabiqlər”də nazirin arvadı, “Sonuncu məhəbbət”də “Ümbülnisə”, “Məhəllədə”də “Südabə” kimi rolları ifa edib.

Kübra Əliyeva 2000-ci ildə Əməkdar artisti fəxri adına layiq görülüb, 2006-cı ildən isə Prezident təqaüdçüsüdür.

Ən Çox Oxunan