24.1 C
Gence
24.1 C
Gence

Azərbaycanda ilk led lampaları zavodu Gəncədə açılıb

Gəncədə led lampaları istehsal edən zavod fəaliyyətə başlayıb. Bu haqda dekabrın 21-i Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsində məlumat dərc edilib.

“Zəfəroğlu Elektrik” MMC zavodunun açılış mərasimi baş tutub. Tədbirdə İcra hakimi Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, çoxsaylı iş adamları və qonaqlar iştirak ediblər.

Tədbir zamanı məlumat verilib ki, “Zəfəroğlu Elektrik” MMC-nin istehsal sahəsi Gəncənin mərkəzində, indiyədək istifadəsiz qalmış keçmiş tikiş fabrikinin ərazisində yaradılıb. Müəssisənin ərazisi abadlaşdırılıb, əməkdaşların fəaliyyəti və istirahəti üçün şərait yaradılıb.1500 kvadratmetr sahəsi olan zavodda xaricdən gətirilən müasir avadanlıqlar quraşdırılıb.

Zavodda “Zəfər İşığı” brendi altında müxtəlif ölçülərdə led lampaları istehsal edilir. Burada hazırda 4 növ – 7 vatt, 9 vatt, 12 vatt və 15 vatt gücündə olan led lampaların istehsal həyata keçirilir. Sənaye müəssisəsinin istehsal gücü ayda 500 min ədəd lampa istehsal etməyə imkan verir.

Qeyd edək ki, sözügedən müəssisə Azərbaycanda ilk led lampaları istehsal edən zavoddur. Müəssisə Heydər Əliyev prospektində, ASAN xidmətin qarşısında yerləşir.

Ən Çox Oxunan