Hazırda çətin günlərini keçirən Nizami yurdunun təmsilçisi “Kəpəz” FK vaxtikən adını tarixə qızıl hərflərlə yazdırıb.
Maliyyə cəhətdən əziyyət çəkən “Kəpəz” FK hazırda ürəkaçan nəticələr göstərmir. Öz maliyyə dəstəyi ilə “Qarabağ” ölkə çempionatına hegemonluq etməkdə davam edir. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qısa müddət əvvəl açıqlamasında qızıl medalları yenilmədən qazanmağı istədiyini bildirib. Lakin komanda çempionatda “Sabah”a məğlub oldu.
Bununla da “Qarabağ” “Kəpəz”in rekordunu qıra bilməyib. Azərbaycan futbolunun yeganə məğlubiyyətsiz çempionu hələ də “Kəpəz”dir. Bu nailiyyət uzaq 1997/98 mövsümünə təsadüf edir.
Gəncə klubu indiyə qədər üç dəfə ölkənin ən güclüsü adını qazanıb (1994/95, 1997/98, 1998/99). 1997/98 mövsümündə Nizami yurdunun təmsilçisi, həmçinin ölkə kubokunun sahibi olub. Həmin vaxt komanda iki turnirin heç birində məğlubiyyət üzü görməyib. Beləliklə, iki turnirdə 28 qələbə qazanıb, 5 heç-heçə edən “Kəpəz” “qızıl dubl”a imza atıb. Sonradan bu uğuruna görə kluba “Yenilməz Armada” ləqəbi verilib.
“Yenilməz Armada” o vaxt olduğu ən yaxşı günlərindən çox uzaqdadır. Bir neçə il sonra Premyer Liqaya qayıtmasına baxmayaraq, “Kəpəz” hazırda çempionatın 7-ci pilləsindədir.
Problem yalnız komandanın heyətində deyil, Gəncə şəhər stadionu qəzalı vəziyyətdədir. Bu səbəbdən mövsümün əvvəlini orada keçirə bilməyib. Hazırda isə ot örtüyünə görə “Kəpəz” doğma meydançadan didərgin düşüb.