Gəncədə istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb. Bu haqda 20 may tarixində Fed.az-a istinadən məlumat veririk.
Yanvar-mart aylarında şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 171,8 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Məhsulun və xidmətlərin 55,2 milyon manatlığı (32,1 faiz) dövlət sektorunun sənaye müəssisələri, 116,6 milyon manatlığı (67,9 faiz) isə qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkar olan fiziki şəxslər tərəfindən istehsal edilib.
Emal sektorunun müəssisələri tərəfindən 116,1 milyon manatı (77,5 faizi) qeyri-dövlət sektoruna aid olmaqla 149,7 milyon manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Həmçinin 39 milyon manatlıq qida məhsulları istehsalı, 3,2 milyon manatlıq içki, 63,6 milyon manatlıq metallurgiya sənayesi məhsulları, 33,7 milyon manatlıq avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 10,2 milyon manatlıq digər məhsulların istehsalı təşkil edib.
Bu ilin yanvar-mart ayları ərzində 21,2 min ton un, 12,6 ton makaron, 36,9 min dekalitr araq, 32,9 min dekalitr şərab, 6 485,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 37 ədəd taxılyığan kombaynlar, 1031 ədəd elektron və 50579 ədəd mexaniki su sayğacları istehsal olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən sözügedən dövr ərzində 16 milyon, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 5,7 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib.