Attraksionun qırılması nəticəsində xəsarət alan uşaqla bağlı məhkəmə iclası keçirilib. Bu haqda sentyabrın 17-si Qafqazinfo-ya istinadən məlumat veririk.
Hadisə “Bayraq Meydanı” parkında baş verib. 12 yaşlı qız uşağının qabırğası sınıb, ağciyər və döş qəfəsindən travma alıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Gəncə sakini olan qadın iki övladı ilə birlikdə attraksiona minib. Qatar hərəkətdə olan zaman uşağın oturacağı korpusdan qopub. Azyaşlı 2 metr hündürlükdən əvvəlcə dəmirlərin üstünə, oradan isə yerə yıxılıb.
Attraksionun sahibi Həsən Həsənov barəsində cinayət işinin başlanması rədd edilib. Şəxs haqqında inzibati protokol tərtib olunub və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Həsən Həsənov təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunub. Proses zamanı təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra uşağı dərhal Gəncə 3 saylı Şəhər Xəstəxanasına aparıb. Müalicə xərclərini qarşılayıb və zərərçəkən ailə ilə barışıb. O, dəymiş ziyanı tam şəkildə ödədiyini də söyləyib.