Bu gün Zaqafqaziyanın ilk SSRİ Xalq artistinin doğum günüdür. Bu haqda Gencexeber.az 5 may tarixində məlumat verir.
Adil Rzabəy oğlu İsgəndərov 5 may 1910-cu ildə Gəncədə bəy ailəsində dünyaya gəlib. Soyadları İsgəndərbəyli olub. Daha sonra Sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün Rzabəy soyadını dəyişib. Adilin 6 yaşı olanda atası rəhmətə gedib.
O, 10 yaşından Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə qoşulub. 13 yaşında “Qaçaq Kərəm” tamaşasını qurub və Kərəm obrazını oynayıb. 1928-1931-ci illərdə Bakı Teatr Texnikumunda aldığı təhsildən sonra Adil İsgəndərov A. Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib.
1936-cı ildə Akademik Milli Teatra baş rejissor təyin edilib. Onun dövründə “Azdrama”ya hamı “İsgəndərovun teatrı” deyib.
İlk rejissorluq işinə “Polad qartal” tamaşasından başlayan İsgəndərov milli teatrın səhnəsində “Həyat”, “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “Şərqin səhəri”, “Otello”, “Cavanşir” kimi tamaşalara həyat verib. Adil İsgəndərovun səhnələşdirdiyi “Otello” tamaşası dünyada tanınıb. “Otello” tamaşasında “Otello” rolunu canlandıran Ələsgər Ələkbərovun şəkli İngiltərənin Stratfor şəhərində yerləşən Şekspir muzeyində saxlanılır. Moskvada isə tamaşanı seyr edən ingilislər onu lentə alıblar.
1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi iştirak edib. İlk dəfə Hüseyn Seyidzadə ona “O olmasın, bu olsun” filmində qoçu rolunu verir. O, bazarda Qoçu Əsgərlə atışan qoçu obrazını canlandırır. 1966-cı ildən başlayaraq “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməyə başlayır. “Əhməd haradadır?” filminin quruluşçu rejissoru olur.
İsgəndərov Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti, Zaqafqaziyanın ilk SSRİ Xalq artisti adlarına layiq görülüb.
Adil İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.