13.6 C
Gence
13.6 C
Gence

ADAU və Kazan Universiteti arasında memorandum imzalanıb

Gəncədə fəaliyyət göstərən təhsil müəssisəsi və Kazan Universiteti əməkdaşlığa başlayır. Bu haqda 24 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Tərəflər nazirlikdə görüş keçirib. Burada qurumun Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fuad Mayılov, müdir müavini Emin Əliyev, ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov, Kazan Universitetinin rektoru Ayrat Rasimoviç Vəliyev, Meşə təsərrüfatı və ekologiya fakültəsinin dekanı Renat Xalitoviç Qafiyatov, Meşə təsərrüfatı və meşə plantasiyaları kafedrasının professoru Xaris Qaynutdinoviç Musin iştirak ediblər.

ADAU-nun maddi-texniki bazası, müasir laboratoriyaları, tədris korpusları, tədris-təcrübə təsərrüfatı, heyvandarlıq kompleksi, Biotexnologiya mərkəzi haqqında görüş iştirakçılarına ətraflı məlumat verilib. Görüşdə kənd təsərrüfatı sahəsində elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı ilə bağlı qarşılıqlı təcrübə və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəddə tədqiqat və innovasiya fəaliyyətinin inkişafı, birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi məlumat mübadiləsi, birgə elmi ekspedisiyalar, konfranslar, seminarlar, elmi simpoziumlar və digər beynəlxalq tədbirlərin təşkili, elmi məqalələrin çap olunması, birgə nəşrlər və tədqiqat nəticələrinin patentləşdirilməsi, qısa və ortamüddətli proqramlar üzrə alim və işçilərin mübadiləsi, aspirantura, doktorantura, təcrübə və ixtisasartırma kurslarının təşkili yolu ilə elmi və elmi-pedaqoji kadrların hazırlanması nəzərdə tutulur.

 

Ən Çox Oxunan