“Əlaçı” verilişinin qalibi Gəncə təhsil ocağının yetirməsi olub. Bu haqda məlumatı noyabrın 18-i İctimai televiziyaya istinadən veririk.
Elm və Təhsil Nazirliyinin İctimai televiziya ilə birgə layihəsi olan “Əlaçı” verilişinin bu mövsüm olan 2-ci buraxlışının qalibi Muxtar Cəfərov olub. Yeniyetmə Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdidir.
Muxtar verilişin sonunda ilk öncə valideynlərinə, daha sonra isə müəllimlərinə təşəkkür edib.
Qeyd edək ki, adıçəkilən təhsil ocağının şagirdləri mütəmadi olaraq olimpiada və bilik yarışlarında uğur qazanırlar. Belə ki, 11-ci sinif şagirdi olan Fidan Hüseynova Beynəlxalq İnformatika Qızlar Olimpiadasında gümüş medala layiq görülüb. Məhsəti Piriyeva isə Beynəlxalq Kimya Olimpiadasında qazandığı 3-cü bürünc medalı ölkəmizə gətirməyə nail olub.