Bu çərşənbəyə bəzən xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlanılır.
Od çərşənbəsində tonqal qalama mərasimi o biri çərşənbələrdən daha möhtəşəm keçirilir. Odun, tonqalın olması istiliyin rəmzidir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisi hesab edilir. Qədim dövrlərdə Tonqal hündür yerdə – dağ, təpə başında yandırılırdı ki, hər tərəfdən görünsün. El tonqalın başına yığışarmış, qız-gəlinlər odun şərəfinə nəğmələr söyləyərmişlər.
Qədimdən Gəncədə “Məzar üstü” adəti Od çərşənbəsində icra edilərdi. Ehsan verilər, “Yasin” oxunar, səmənini, bayram xonçasını mərhumun qəbri üstünə düzərdilər. İli çıxmayan mərhumlara “Qara bayram” keçirərdilər.