19.7 C
Gence
18.5 C
Ganja

Ziyarətgaha çevrilən ağac: Samuxun “Dül-dül” çinarı

Dül-dül çinarı Gəncəyə yaxın ərazidə, Samuxun Kolayır kəndinə gedən yoldan bir qədər aralıda ucalır. Ehtimal edilir ki, bu çinarın 1500-dən çox yaşı var. Uzun illərdir ki, Dül-dül çinarı müqəddəs sayılaraq ziyarətgaha çevrilib.

Bu çinarın adı və müqəddəs olması haqqında bir neçə versiya mövcuddur.

Rəvayətə görə, VII əsrdə Həzrət Əli Azərbaycana gələn zaman bu ərazilərdə olub və Dül-dül adlı atını bu ağacın kölgəsində saxlayıb. Dül-dül adı elə buradan meydana gəlib. Yerli sakinlərin inamına görə, çinarın gövdəsindəki oyuq Dül-dülün nalının izidir.

Digər versiyaya görə, Dül-dül İmam Əlinin atının adı olsa da, Gəncəbasar bölgəsinin sakinləri nəhəng gövdəsi, iri qol-budağı və əzəmətli görünüşü olduğu üçün uca çinar ağacını müqəddəs saymış və onu Dül-dül adlandırmışlar.

Yerli sakinlərin dediklərinə görə, hal-hazırda Samux və ətraf bölgələrin əhalisi bu ağacı ziyarət edir, niyyət tutaraq onun budaqlarına yaylıq, dəsmal bağlayırlar. Niyyətləri qəbul olduqda isə ağacın yanında qurban kəsir, ehsan paylayırlar.

İllər keçdikcə çinar öz-özünü təzələyir. Onun gövdəsində yeni pöhrələr, budaqlar ucalır, köhnə və quru budaqları əvəz edir.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. http://www.samux-ih.gov.az/news/1429.html
  2. https://sputnik.az/20181106/Azerbaycanda-insanlari-sehirleyen-agac-417752565.html
  3. http://www.anl.az/down/meqale/azerbaycan/2015/sentyabr/455627.htm