“Sevgili canan” romansı Nizami Gəncəvinin eyniadlı qəzəlinə Üzeyir Hacıbəyov tərəfindən bəstələnib. Əsər Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə yazılıb və 1943-cü ildə ərsəyə gəlib.
Fars dilində yazılan “Sevgili canan” qəzəlini Azərbaycan dilinə Mirvarid Dilbazi tərcümə edib.
Nizami Gəncəvinin əsərləri Üzeyir Hacıbəyov üçün yeni bir ilham mənbəyi olur. O, 1940-cı illərin əvvəllərində şairin “Yeddi gözəl” poemasındakı gözəllərin obrazlarına uyğun olaraq, əsərin yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Üzeyir bəy bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, xarakterlərini və daxili aləmlərini təsvir etməyi planlaşdırırdı. Lakin o, yalnız iki romans bəstələyir. Bunlardan biri də “Sevgili canan” əsəri olur.
Üzeyir Hacıbəyovun “Sevgili canan” musiqili qəzəli vokal lirikamızın ilk və klassik nümunələrindən biridir.
“Sevgili canan” romansının ilk ifaçısı vokalçı və pedaqoq, SSRİ Xalq artisti professor Bülbül olub. Sonra bu romansları Rəşid Behbudov və Müslüm Maqomayev də ifa ediblər.
Mənbələr: