9.7 C
Gence
5.5 C
Ganja

Zaqafqaziyanın ilk SSRİ Xalq artisti: Gəncəli Adil İsgəndərov

Adil (Ədil) İsgəndərov 5 may 1910-cu ildə Gəncədə bəy ailəsində anadan olub.

O, 1920-ci ildən Gəncədə pioner evində özfəaliyyət dərnəyinə qoşulub. 13 yaşında Adil “Qaçaq Kərəm” tamaşasını qurub və “Kərəm” obrazını özü oynayıb. Adil 1928-1931-ci illərdə Bakı Teatr Texnikumunun rejissor-aktyor bölməsində təhsil alıb. O, 1936-cı ildə  A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib və oxuduğu illərdə E.Vaxtanqov adına Moskva Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.

1936-cı ildə Adil İsgəndərov Bakıya qayıdıb, indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına (Azdrama) baş rejissor, sonra direktor təyin olunub. O, 1960-cı ilə kimi Dram teatrında fəaliyyət göstərib və onun dövründə “Azdrama”ya,  “Adil İsgəndərov teatrı” deyilib. İsgəndərov ömrünün sonunadək İncəsənət İnstitutunda dərs deyib. Həmçinin o, 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edib.

İsgəndərov “Vaqif”, “Həyat”, “Fərhad və Şirin”, “Xanlar”, “Od gəlini” kimi tamaşaları səhnələşdirib. Onun “Vaqif” tamaşası teatrın səhnəsində 1064 dəfə oynanılıb. Adil İsgəndərovun səhnələşdirdiyi “Otello” tamaşası dünyada tanınıb. “Otello” tamaşasında “Otello” rolunu canlandıran Ələsgər Ələkbərovun şəkli İngiltərənin Stratfor şəhərində yerləşən Şekspir muzeyində saxlanılır. Moskvada isə tamaşanı seyr edən ingilislər onu lentə alıblar.

İsgəndərov, həmçinin aktyor kimi də fəaliyyət göstərib. 1956-cı ildə Adil ilk dəfə Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmində Qoçu roluna çəkilib. O, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərdə rol alıb.

İsgəndərovun aktyor kimi ən uğurlu işi “Axırıncı aşırım” filmində yaratdığı “Kərbəlayı İsmayıl” obrazı hesab edilir. O, bu rola görə Ümumittifaq festivalının “Kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olub.

Adil İsgəndərov yalnız “Əhməd haradadır?” filminin quruluşçu rejissoru olub.

İsgəndərov Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti, Zaqafqaziyanın ilk SSRİ Xalq artisti adlarına layiq görülüb.

Adil İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.

Mənbələr:

  1. Azərbaycanın görkəmli teatr və kino xadimi Ədil İsgəndərov: Biblioqrafiya. Bakı-2010.
  2. Xalq qəzeti.- 2010.- 14 mart.- S. 8.
  3. http://kinobiz.az/celebrity/adil-isg%C9%99nd%C9%99rov/
  4. https://m.modern.az/az/news/196319/bir-esre-sigmayan-adil-rejissor
  5. https://medeniyyet.az/page/news/18769/Adil-bir-rejissor-vardi-.html
  6. https://www.youtube.com/watch?v=YTWMD3Lpgw4

Ən Çox Oxunan