Xalq şairi Nigar Rəfibəylinin heykəli Gəncədə, Xan bağı ərazisində yerləşir. Abidə 1996-cı ildə (bəzi mənbələrə görə, 1998-ci ildə) quraşdırılıb. Əsərin müəllifi heykəltəraş Münəvvər Rzayevadır. O, bu heykəlin üzərində Fəxrəddin Əliyevlə birgə çalışıb.
Şairin heykəlinin Xan bağında ucaldılmasının səbəbi var. Nigar xanımın Gəncənin sayılıb-seçilən Rəfibəylilər nəslindən olması nəzarə alınaraq, onun abidəsi şəhər üçün xüsusi tarixi əhəmiyyətli yer hesab olunan Xan bağında quraşdırılıb.
Heykəl bürüncdən hazırlanıb. Abidə kvadrat formalı qırmızı qranitin üzərində yerləşir.
Nigar Rəfibəyli 23 iyun 1913-cü ildə Gəncədə anadan olub. O, bir çox şeirlərin müəllifi, müxtəlif əsərlərin tərcüməçisi kimi fəaliyyət göstərib. Rəfibəyli “Əməkdar mədəniyyət işçisi” və “Xalq şairi” fəxri adlarına layiq görülüb. Şairənin şeirlərinə bir neçə mahnı bəstələnib. Onlardan “Aman ayrılıq”, “Güllərim”, “Dağları duman alanda” və “Ala gözlüm” mahnılarını qeyd etmək olar.
Nigar Rəfibəyli 9 iyul 1981-ci ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.
Mənbələr:
- Şanlı nəsillərin yadigarıyam. Bakı-2018.
- Mərdan Məmmədov. Gəncə abidələri. Bakı-2021.
- https://kulis.az/news/31666
- http://azhistorymuseum.gov.az/az/news/666
- https://www.youtube.com/watch?v=SL6VpPSbsb8
- https://www.museumcenter.az/az/calendar/711