16.4 C
Gence
16.4 C
Gence

Vaxtilə Gəncənin əsas ticarət mərkəzlərindən biri olan Şeytan bazarı

Şeytan bazarı Gəncənin Şah Abbas meydanında yerləşib. Bazar indiki Gəncə Dövlət Filarmoniyasından Gəncə Dövlət Universitetinə tərəf yolu əhatə edirdi və iki cərgədən ibarət idi. Ehtimallara görə, Şeytan bazarı Şah Abbas meydanının salındığı dövrdə yaranıb. Fərrux Əhmədovun “Gəncənin tarixi yaddaşı” kitabında yazdıqlarına əsasən,

meydan XVII əsrdən mövcud olub. Şeytan bazarı şəhərin əsas ticarət mərkəzlərindən biri olub.

Qədimdə Qafqazın bir çox şәhәrlәrində “Şeytan bazarı” adında ticarət yerlərinə rast gəlmək olardı. Şeytan bazarı daha çox müsəlman şəhərlərində olsa da, Tiflisdə də bu adla məşhur bazar mövcud idi.

Gəncədəki bazarın hansı səbəbdən “Şeytan” adlandırılması haqda dəqiq məlumat yoxdur. Lakin belə bir ehtimal var ki, Şeytan bazarı adlanan ticarət mərkəzləri o dövrdə “şeytan yuvası” kimi tanınardı. Deyilənə görə, buna səbəb burada adam öldürmə, oğurluq, cibgirlik kimi cinayətlərin çox olması idi.

Gəncənin Şeytan bazarında kişi və qadın paltarları: çuxa, arxalıq, şalvar, papaq, başlıq, araxçın, tuman, çadra, tül, həmçinin Türkiyədən gətirilmiş müxtəlif baş yaylıqları və digər geyimlər satılırdı. Paltardan başqa, bazarda zeytun, gül yağları, ədviyyat, qəhvə və tütün malları əldə etmək olardı. Şeytan bazarında büllur qablar, güzgü, digər xırdavat və bəzək əşyalarının satışı da həyata keçirilirdi.

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  2. Gəncə şəhərinin rus işğalına qədərki memarlığı.
  3. https://www.youtube.com/watch?v=Wyv-Z-QqhOY
  4. http://anl.az/el/n/n001/n001003/sb002.htm
  5. Foto: https://goskatalog.ru/portal/#/collections?id=34625898

Ən Çox Oxunan