14.7 C
Gence
14.7 C
Gence

Teatr və kino sahəsində 500-dən çox obraz yaradan aktrisa: Amaliya Pənahova

Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncədə anadan olub.

Onun 10 yaşı olanda ailəsi Bakıya köçüb. 1966-cı ildə Amaliya Pənahova Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 18 yaşında İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasına Nargilə roluna dəvət olunub və bu tamaşa aktrisaya uğur gətirib.

Amaliya Pənahova 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində 500-dən çox müxtəlif obrazlar yaradıb. O, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları ilə məşhurlaşıb. Amaliya xanım “Babək” filmində canlandırdığı “Zərnisə” obrazı ilə Azərbaycan kino tarixinə ən açıq səhnələrdə rol alan aktrisalardan biri kimi düşüb.

Pənahova rejissor kimi də fəaliyyət göstərib. O, 12 televiziya və teatr tamaşasına quruluş verib. Onlardan çoxu lentə alınıb və hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bu tamaşaların arasında İ.Əfəndiyevin “Mənim günahım”, M.Muradın “Təkan”, M.Qurbanovun “Sənsiz”, O.Altunbayın “Tomris” və başqaları var.

Aktrisa 1990-cı illərin əvvəllərində 25 il fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından uzaqlaşır. O, həyat yoldaşı, aktyor Yusif Muxtarovla birgə 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradır. Teatrın kollektivi Birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgələrində çıxış edirdilər.

Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Aktrisanın bir çox tələbələri Bakı Bələdiyyə Teatrında onunla birgə çalışıblar. O, 2013-cü ildə sənətşünaslıq elmləri doktoru adını alıb. Amaliya Pənahova ictimai işlərdə də fəal olub.

Pənahova 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə Xalq artisti fəxri adlarına və bir çox mükafatlara layiq görülüb. 1982-ci ildə o, ilin aktrisası elan edilib, 1998-ci ildə isə onun türk dünyasının birinci kino festivalında türk dünyasının altı məşhur aktyoru sırasında adı qeyd olunub.

Amaliya Pənahova 8 noyabr 2018-ci ildə 73 yaşında xərçəng xəstəliyindən vəfat edib və Bakının Qurd Qapısı qəbiristanlığında dəfn edilib.

Mənbələr:

  1. https://kulis.az/xeber/media/genc-rejissora-gore-kurdexani-hebsxanasina-getdi-onu-tehmine-roluna-niye-layiq-gormediler-37987
  2. https://www.trend.az/life/culture/2980157.html

Ən Çox Oxunan