22 iyun 1941-ci ildə faşist Almaniyasının SSRİ-yə hücumu ilə Böyük Vətən müharibəsi başladı. Sovet ordusunun bir sıra uğursuzluğu nəticəsində xeyli sovet döyüşçüsü düşmən tərəfindən əsir alınıb, lakin bəziləri qaçaraq müqavimət hərəkatına – partizan dəstələrinə qoşulub. Belə döyüşçülər sırasında gəncəli Ənvər Abbaszadə də var idi.
Ənvər Abbaszadə 9 may 1912-ci ildə maarifçi Mirzə Abbas Abbaszadənin ailəsində anadan olub.
O, 1941-ci ildə hərbi xidmətə çağırılıb, Gürcüstanda təlim keçib. Leytenant rütbəsinə yüksələrək Ukraynaya göndərilib, Sevastopol, Nikolayev, Herson, Priluk şəhərlərində xidmət edib. 1942-ci ilin sonlarında Abbaszadə Kerç ətrafında 150 minə yaxın zabit-əsgərlə bərabər alman faşistlərinə əsir düşüb, düşərgələrdə böyük işgəncələrə məruz qalıb.
1943-cü ilin aprelində Abbaszadə İtaliyaya aparılıb. O, fürsət taparaq 10 nəfərə yaxın zabitlə oradan qaçıb, Piyaçensa şəhəri ətrafındakı meşədə fəaliyyət göstərən partizan dəstəsinə qoşulub. Abbaszadə təxribat əməliyyatlarında və hərbi məlumatların ələ keçirilməsində fəal iştirak edib. O, öz ətrafına əsirlikdən qaçan başqa əsgərləri toplayaraq onları mübarizəyə ruhlandırıb. Partizan İtaliyanın şəhərlərində müxtəlif əməliyyatlar aparıb, həmçinin Borqonova, Kastel San Covani və Piyaçensa adlı ərazilərdə alman işğalçılarının avtomaşınlarını məhv edərək, cürbəcür sabotajlar edib.
İtaliyanın milli qəhrəmanı Ənvər Abbaszadə cəbhə dostları arasında “Armando” ləqəbi ilə çağırılıb. O, xidmətinə görə Millətlər Birliyinin Hökumət və Xalqlarının Baş Komandanlıqları adından dəfələrlə təşəkkürnamələrlə təltif olunmuşdur.
Müharibə qurtardıqdan sonra digər zabitlərlə birlikdə SSRİ-yə qayıdan Ənvər həbs edilərək Ufa şəhərinə aparılıb, işgəncələrə məruz qalıb. 4 ay orada saxlanıldıqdan sonra Abbaszadə 1945-ci ildə Gəncəyə gətirilib. O, xalq düşməni kimi ittiham olunub və 1950-ci ildə Yakutiya Respublikasının Aldan rayonuna 6 il müddətinə sürgün edilib, 1955-ci ildə sürgündən Gəncəyə qayıdıb.
Ənvər Abbaszadə 1984-cü ildə vəfat edib. Hazırda qəhrəmanın yaşadığı Ozan küçəsində, 20 nömrəli evin fasadına barelyefləri vurulub.
Mənbələr:
- Gəncə şəhərinin hərb tarixi və şəhidləri. Gəncə-2013.
- https://525.az/news/56609-genceli-maarifcinin-partizan-ovladi-italiya-qehremani