Hərbçi Səməd bəy Rəfibəyli 1892-ci ildə Gəncədə, Balabağban qəsəbəsində anadan olub. Səməd bəy türk ordusunda general-mayor rütbəsinə yüksələn ilk azərbaycanlı zabitdir.
Rəfibəyli 1916-cı ildə Tiflis kadet korpusunu bitirib, sonra isə 7-ci Qafqaz sərhəd alayında baş leytenant rütbəsində hərbi xidmətə başlayıb.
Səməd bəy Rəfibəyli 1918-ci ildə Müsəlman korpusunun 1-ci Bakı piyada alayında piyada bölüyünün komandiri vəzifəsinə təyin olunub. O, Azərbaycan Xalq Cümhuriyyətinə yardıma gələn Qafqaz İslam Ordusunun tərkibində ermənilərə və bolşeviklərə qarşı döyüşüb. Bu döyüşlərdən sonra Səməd bəy kapitan hərbi rütbəsini alıb.
3 fevral 1919-cu ildə Səməd bəy 1-ci Cavanşir piyada alayında tabor komandiri vəzifəsinə təyin edilib. Buradakı xidmətlərinə görə, 25 iyun 1919-cu ildə ona mayor hərbi rütbəsi verilib.
Səməd bəy Rəfibəyli 26 avqust 1919-cu ildə Lənkəran ehtiyat taboruna komandir təyin edilib. Həmin tabor daha sonra 7-ci Şirvan piyada alayı kimi təşkil edilib və Səməd bəy həmin alayın komandiri vəzifəsini icra edib. 1920-ci ilin əvvəllərində Qarabağda vəziyyət gərginləşəndə Rəfibəyliyə vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi verilib və o, 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayına komandir təyin edilib.
Rəfibəyli 1920-ci ilin mart-aprel aylarında Xankəndidə və Əsgəranda hökumətə qarşı qiyam qaldırmış erməni daşnakları ilə döyüşüb. O, sovet hakimiyyətinə qarşı başlayan Gəncə üsyanında iştirak edib. Bu üsyan yatırıldıqdan sonra Səməd bəy Türkiyəyə köçüb.
Səməd bəy orada Atatürkün başçılıq etdiyi İstiqlaliyyət müharibəsində iştirak edib. Türkiyədə yaşadığı müddətdə Səməd bəy Rəfibəyli Əbdülsəməd Sayqın adı ilə tanınmağa başlayıb. Atatürk Səməd bəy haqqında belə demişdir: “Bu cür gənc yaşda polkovnik olmaq hər kəsə nəsib olmur. Türk gəncliyi nümunəni Səməd bəydən götürməlidir”.
Rəfibəyli Türkiyədə bir sıra hərbi vəzifələri icra edib. Türk ordusunda göstərdiyi xidmətlərə görə ona 30 avqust 1948-ci ildə general-mayor rütbəsi verilib. Həmçinin Səməd bəy Türkiyənin “Hərb” və “İstiqlal” medallarına layiq görülüb.
Səməd bəy Rəfibəyli 19 yanvar 1980-ci ildə İstanbulda dünyasını dəyişib və orada dəfn olunub.
Mənbələr:
- Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.
- Olaylar.- 2013.- 3 may.- S.15.
- 525-ci qəzet.-2018.-24 may.-№93.-S.4.
- https://mod.gov.az/az/pre/29993.html