Gəncə xanlığının bayraqlarından biri Bakıda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılır.
Bu bayraq 1804-cü ildə Gəncə xanlığı ruslar tərəfindən işğal edildikdən sonra rəsmi simvol kimi ləğv edilmişdir.
Gəncə xanlığının bayrağının uzunluğu 127, eni isə 174 sm-dir. Bayraq moruğu və yaşıl rəngli xara (naxışları olan parlaq ipək parça) parçalarından hazırlanıb. Bayrağın üzərində qızılı rəngli gül dəstələri, qırmızı rəngli bir dairə və qızılı rəngli iki dairə var. Qızılı güllərlə əhatələnən qırmızı dairənin içində ərəbcə zərlə “Allah” sözü yazılıb.
Ortadan iki hissəyə bölünən çərçivədə ərəbcə “Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır” sözləri həkk edilib. Mərkəzi qırmızı hissə ara xətlərlə on qata bölünüb. Bu qatlarda qızılı saplarla ərəbcə: “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir“- sözləri yazılıb.
Gəncə xanlığının bayrağında əks olunan simvollar türkçülüklə və islamçılıqla əlaqəlidir. Günəş əbədi həyatı, ay əbədi azadlığı, səkkizguşəli ulduz türkçülüyü, palıd yarpağı möhtəşəmliyi, uzunömürlülük və müdrikliyi, yaşıl rəng isə islamı təmsil edir. Eyni simvollar Gəncənin rəmzi – gerbində də əks olunub.
1912-ci il “Hərbi ensiklopediya”nın müəllifləri göstərirlər ki, Gəncə xanlığının işğalından sonra hərbi qənimət kimi 8 bayraq və bir ələmli ştandart ələ keçirilmişdir. Hazırda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Gəncə xanlığının 4 bayrağı, Gəncə Tarix-Diyarşünaslıq Muzeyində isə 1 bayrağı saxlanılır.
2019-cu ilin iyununda xanlığın bu bayrağının Rusiyanın Sankt-Peterburq şəhərində bərpa edilən nüsxəsi Gəncəyə gətirilmişdir. Bu bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayraq əsasında hazırlanıb.

Mənbələr:
- Bakı xəbər.-2014.- 13 avqust.- S.15.
- Gəncə şəhərinin tarixi. Bakı-2004.
- Управление делами Президента Азербайджанской Республики. ФЛАГ.
- https://oxu.az/society/315845
- https://big.az/357079-gence-xanliginin-tarixi-bayragi-olkeye-getirildi-foto.html
- Foto: Preslib.az saytından