20.3 C
Gence
15.5 C
Ganja

Ötən əsrdən Gəncə Qənnadı Fabrikinin istehsal etdiyi “Çinar” şokoladları

“Çinar” şokoladlarını 1975-ci ildən Gəncə Qənnadı Fabriki istehsal edir. Bu şokoladların istehsal hüququ Gəncə Qənnadı Fabrikinə məxsusdur.

Şokoladın “Çinar” adlanması ümummilli lider Heydər Əliyevlə bağlıdır. Heydər Əliyev 1973-cü ildə Gəncəyə səfər edərkən tövsiyə edib ki, fabrikdə Şərq şirniyyatı hazırlansın və adı da Gəncə ilə bağlı olsun. Gəncənin rəmzi çinar ağacı hesab edildiyindən Heydər Əliyev şokoladın adının da “Çinar” olmasını məsləhət görüb.

Şokoladın resepti fabrik tərəfindən hazırlanıb. Daha sonra Azərbaycan SSRİ Sənaye Nazirliyi və SSRİ Yeyinti Sənaye Nazirliyi bu resepti təsdiq edib. Beləliklə, həmin vaxtdan bu şokolad istehsal olunmağa başladı və brendə çevrildi. Sovet dövründə “Çinar” şokoladı 250, 300 və 500 qramlıq qutularda istehsal edilib.

O dövrün “Çinar” qutularının üzərində çinar ağacının şəkli var. Qutunun üzərində olan ağac Samuxun Kolayır kəndinə gedən yoldan aralıda ucalan Dül-dül çinarıdır.

Bu şokoladların istehsalında bir müddət fasilələr olmuşdur. Gəncə Qənnadı Fabrikinin idarə heyətinin sədri Mahir Abdullayev 2016-cı ildə “Kaspi”yə müsahibəsində 1996-cı ildən fabrikdə çalışdığını bildirmiş və şokoladın istehsalı haqda belə demişdir: “...yenidən kütləvi istehsala 2001-ci ildən başlamışıq. Arada fasilə, demək olar ki, olmayıb. Çünki qismən və az miqdarda da olsa, həmişə istehsal edilib”.

Mənbələr: 

  1. https://kaspi.az/az/bir-vaxtlar-azerbaycanin-meshur-brendi-vardi-fotolar
  2. https://banker.az/cinar-sokoladinin-istehsali-b%C9%99rpa-olunur/
  3. https://fed.az/az/senaye/cinar-sokoladinin-istehsali-berpa-olunur-47350
  4. http://dc-792723a1cb19.kepezfm.az/news/id/39285