19.1 C
Gence
19.1 C
Gence

SSRİ kəşfiyyatçısı Rixard Zorgenin ailəsinə məxsus Hacıkənddəki bağ evi

Bir vaxtlar Gəncənin Hacıkənd qəsəbəsində SSRİ kəşfiyyatçısı Rixard Zorgenin ailəsinə məxsus bir bağ sahəsi mövcud olub. Bina 1893-cü ildə Rixardın atası, alman texnoloqu Vilhelm Zorge tərəfindən inşa edilmişdir. Tikilinin layihəsi 1892-ci ildə mühəndis Pavel İvanoviç Koqnovitski tərəfindən hazırlanmışdır.

“Kaspi” qəzetinin yazdığı məqaləyə əsasən, Zorge “nəcib” bir bina inşa etdirmişdir. İç hissədən iki, bayırdan isə üçmərtəbəli olan bina yeddi otaqdan ibarət idi və ərazisi 40 nəfərə qədər insanın istirahətinə imkan verirdi. Aşağı mərtəbə boyu yerləşən bağlı qalereyadan ətrafa gözəl mənzərə açılırdı. Əsas bina ilə yan-yana yerləşən tikilidə camaşırxana və mətbəx var idi. Binanın zirzəmisi, su borusu və başqa avadanlıqları var idi. Tikilinin ön tərəfində gül bağı, sağ tərəfində isə meşə yerləşirdi.

1898-ci ildə Almaniyaya getməsi ilə əlaqədar Zorge bağ sahəsini satışa çıxarır. Daha sonra bağ evini pulsuz Bakı Mariinski Qadın Gimnaziyasına yay koloniyası üçün verməyi qərara alır. Geniş eyvanları olan işıqlı otaqlar 39 tələbəni rahatlıqla yerləşdirməyə imkan verirdi. Bu addımına görə hətta Hacıkənddən Almaniyaya Vilhelm Zorgeyə təşəkkür teleqramı göndərilmişdi. Bağ evinin bu illərdən sonrakı tarixi naməlumdur.

Kəşfiyyatçı Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olub. Rixardın ən mühüm fəaliyyətlərindən biri SSRİ mənbələrinə Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir. Zorge 7 noyabr 1944-cü ildə Yaponiyada saxlanıldığı həbsxanada asılaraq edam edilib. Bəzi mənbələrdə onun doğulduğu yer kimi Hacıkənd qeyd edilib. Onlara əsasən, Yaponiya həbsxanasında dindirilərkən Rixard “Cənubi Qafqazda yerləşən Hacıkənd kəndində anadan olduğunu” açıqlayıb. Bunu sübut edən heç bir sənəd olmasa da, Rixardın uşaq yaşlarında yay aylarını ailəsi ilə burada keçirdiyini iddia etmək olar.

Mənbələr:

  1. Газета Каспий за 1895 г. No133.
  2. Газета Каспий за 1900 г. No256.
  3. Гумбатова Т.Ф. Привет из Баку. Баку-2010.
  4. https://azerhistory.com/?p=47690

Ən Çox Oxunan