25.3 C
Gence
25.3 C
Gence

İspaniyanın ordeninə layiq görülən: Gəncəli türkoloq Əhməd Cəfəroğlu

Əhməd Cəfəroğlu 17 aprel 1899-cu ildə Gəncədə anadan olub. O, Avropada və Türkiyədə azərbaycanşünaslıq elminin təməlini qoyanlardan biri olub.

1905-ci ildə o, Səmərqəndə köçür və ilk təhsilini burada alır. Cəfəroğlu 1909-cu ildə Gəncəyə qayıdıb, Gəncə gimnaziyasında təhsilini davam etdirir. Sonra Kiyevə ali təhsil almağa yollanır, lakin təhsilini yarımçıq qoyur. Gəncəyə qayıdıraq Əhməd burada Nuru Paşanın Qafqaz İslam Ordusunun sıralarına yazılır. O, 15 sentyabr 1918-ci ildə Bakını azad edilməsində iştirak edib.

1919-cu ildə Cəfəroğlu Bakı Dövlət Universitetinin tarix-filologiya fakültəsinə daxil olur, lakin burada da təhsili yarımçıq qalır və o, Türkiyəyə köçür. Əhməd Cəfəroğlu 1925-ci ilə qədər İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsində təhsil alır. 1925-ci ildə Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi o, bu ölkədə türkologiya sahəsində təhsil alır. Əhməd 1929-cu ildə İstanbul Universitetinə qayıdır və ömrünün sonuna kimi burada çalışır.

1923-1969-cu illərdə alimin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çap olunub. Cəfəroğlu Avropa universitetlərində türk dili və türkologiyaya aid mühazirələr deyib, Roma universitetində çalışıb, dünyanın məşhur elm cəmiyyətlərinin və akademiyalarının üzvü olub. O, 1955-ci ildə Ispaniyanın “De Alfonso el Sabio” ordeninə layiq görülüb.

Türk professor Səadət Cağatay Əhməd Cəfəroğlu haqqında yazır: “O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi“.

Cəfəroğlu Azərbaycanı dünyaya tanıtmaq üçün İstanbulda “Azərbaycan Yurd Bilgisi” jurnalını nəşr edib. O, “Türk amacı” jurnalında “Türk dili və ədəbiyyatı məcmuəsinin” redaktoru olub. Həmin jurnallarda “Azərbaycanın böyük matəmi-27 nisan”, “28 mayıs”, “Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan” kimi məqalələrlə çıxış edib. Alim, həmçinin Azərbaycan ədəbiyyatının tarixini və folklorunu  araşdırıb.

Sovet Azərbaycanındakı ziyalılar onu tanıyırdı, lakin Cəfəroğlunun adını müsbətə hallandırmaq Dövlət Təhlükəsizlik Komitəsinin zindanında həbs çəkməyə bərabər idi.

Əhməd Cəfəroğlu İstanbulda 6 yanvar 1975-ci ildə vəfat edib və Zincirlikuyu qəbiristanlığında dəfn olunub.

 

Mənbələr: 

  1. Əhməd Cəfəroğlu dünyası. Bakı-2019.
  2. Vilayət Quliyev. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı-2000.
  3. Azadlıq.- 2013.- 11 iyul.- S.14.
  4. Ədəbiyyat qəzeti.- 2019.- 12 oktyabr. S. 12-13.
  5. https://teleqraf.com/news/art/121407.html

Ən Çox Oxunan