25.6 C
Gence
20.5 C
Ganja

Sovet təyyarəsini qaçıran gəncəli: Pilot Məhəmməd Altunbay

Məhəmməd Altunbay 1911-ci ildə Gəncədə Dərvişoğlu Qaçaq İbrahimin ailəsində anadan olub.

O, orta məktəbi Gəncədə bitirib, 1926-cı ildə isə qardaşı ilə Bakıya gedib. Məhəmməd Bakıda təyyarə məktəbinə qəbul olunub və sonra Odessa Ali Hərbi Hava Məktəbində təhsil alıb. Altunbay SSRİ-nin müxtəlif bölgələrində pilot kimi çalışıb, üç dəfə fəxri fərmanla təltif olunub.

Azərbaycanda baş verən repressiya və bolşevik zülmü səbəbindən o, ruslara qarşı gizli fəaliyyətə başlayır. Məhəmməd bu haqda xatirələrində belə yazır: “…Bir dəstə yoldaşımla…kommunist zülmünə qarşı gizli fəaliyyətə başladıq…Mücahid yoldaşlarımızın bir çoxu güllələndi. Sağ qalan 22 yoldaşımla bərabər kommunist cəhənnəmindən qaçmağı qərara aldıq…Lakin planlarımızı həyata keçirmək istədiyimiz vaxt basqına məruz qaldıq. Toqquşmada 14 yoldaşımız həlak oldu”.

Məhəmməd və iki dostu – Həsən və Cəlal başqa bir plan qururlar. 1939-cu ildə üç yoldaş sovet təyyarəsini qaçırır. Sərhədçilər təyyarəni atəşə tuturlar və onlar məcburi İrana eniş edirlər. Altunbay və dostları 9 ay Tehranda həbsxanada qalırlar. Sonra isə yenidən qaçış planı qururlar, lakin bu zaman Cəlal ruslar tərəfindən güllələnir.

Məhəmməd digər dostu ilə 8 həftəyə Bağdada çatır. Altunbay bunun haqqında xatirələrində yazır: “Səkkiz həftə davam edən gecəli-gündüzlü…qorxulu təhlükələrdən, ölüm-dirim mübarizəsindən sonra…Bağdada yetişəndə saç-saqqalımız uzanmış, yazıq və əyin-başı tökülmüş bir dilənçidən fərqlənmirdik”.

1941-ci ildə onlar Türkiyə səfiri Sahib İlkinin köməyi ilə Türkiyəyə köçürlər və Məhəmməd burada “Mehmet Altunbay” adı ilə yaşamağa başlayır. O, Türkiyədə pilotçuluq fəaliyyətini davam etdirir və 1945-1960-cı illərdə Türkiyə Hava Yollarında təyyarəçi işləyir. 1952-1953-cü illərdə Altunbay Türkiyədə ilk özəl aviaşirkət – “Göy Tur”u yaradır.

Həmçinin Altunbay xatirələrini çap etməyə başlayır və həyatı haqqında “501 №-li kamera” filmini çəkir. Altunbay kommunizmi anlatmaq üçün 33 şəhərdə 180-dən çox konfranslarda iştirak edir.

Məhəmməd Altunbay 1987-ci ildə vəfat edib və Ankarada “Karşıkaya” qəbiristanlığında dəfn olunub.

Mənbələr: 

  1. Dilqəm Əhməd. Bir ildən yüz ilə. Bakı-2018.
  2. Ceyhun Nəbi. Sovetlərlə üz-üzə. Bakı-2018.
  3. https://www.youtube.com/watch?v=gnfG2whSB5o&list=PLDf3n6CWltSRQF2Hbtd4_q0wuxf36lTIb&index=59
  4. https://edebiyyatqazeti.az/news/sience/6953-her-donduran-qisin-bahardir-sonu