Gəncə aviabazası indiki Gəncə Hava Limanının yerində yerləşib. Bu aviabaza keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin hərbi aerodromu idi. Gəncənin 1935-1989-cu illərdə Kirovabad adlandırılması səbəbindən, aviabaza Kirovabad hərbi aerodromu adlanırdı.
Sovet dövründə aerodrom birləşmiş baza aerodromu kimi istifadə edilirdi. Hərbi aerodromdan başqa, burada hava limanı yerləşirdi.
Böyük Vətən müharibəsi illərində (1941-1945) aerodrom ehtiyat döyüşçü alayları tərəfindən təlim üçün istifadə olunurdu. Həmçinin SSRİ Hərbi Hava Qüvvələrinin döyüş hissələrinin uçuş heyətinin yenidən hazırlanması, marş alaylarının və ayrı-ayrı ekipajların müxtəlif təyyarələrdə məşqləri üçün istifadə edilmişdir.
Bu aerodromda 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər sovet ordusunun 761-ci qırıcı aviasiya polku və Yk-9, Yk-3, MiG-15 və MiG-17 kimi hərbi təyyarələri yerləşdirilmişdir. 1945-ci ilin dekabrından 1963-cü ilə qədər burada 259-cu qırıcı aviasiya polku dislokasiya olunurdu və Su-24 təyyarəsi mövcud idi. Sonralar isə aviabazada 36-cı bombardmançı aviasiya polku yerləşdirilir.
1991-ci ildə, SSRİ-nin dağılmasından sonra hərbi aviasiya yenidən Rusiya aerodromlarına yerləşdirildi. Bundan sonra Gəncə aerodromundan hərbi məqsədlər üçün istifadə edilməyib.
Müəyyən müddət keçdikdə burada hava limanı fəaliyyət göstərməyə başladı. 2005-2006-cı illərdə Gəncə Hava Limanında yenidənqurma işləri aparıldı, sovet dövrünün bütün avadanlıqları yeniləndi və buraya beynəlxalq hava limanı statusu verildi.
İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri Gəncəni raket atəşinə tutub. Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin müşaviri Vahram Poqosyan Azərbaycan Silahlı Qüvvələrinin Gəncədəki hərbi aerodromunun vurulduğunu bildirib. Lakin burada heç bir hərbi aerodrom mövcud deyildi. Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək: “Düşmən atəşi nəticəsində mülki əhali, mülki infrastruktur və qədim tarixi tikililər zərər çəkib”, – açıqlamasını vermişdir.
Mənbələr:
- http://www.bvvaul.ru/content/iap/aerodrom/aerK/aerKirovabad.php
- https://ru.armeniasputnik.am/20201004/Voennyy-aerodrom-v-Gyandzhe-unichtozhen-24754742.html
- https://www.azerbaijan-news.az/index.php/posts/detail/azerbaycan-muasir-hava-neqliyyati-infrastrukturuna-malikdir-1631393801
- https://ovqat.com/manset/40006-azrbaycanda-sovet-ordusu-1960-1980-ci-illrd-o-ordudan-biz-d-miras-duurdu.html
- https://www.azerbaijan-news.az/posts/detail/bir-il-evvel-gence-mudhis-gunler-yasadi-1633206941
- https://www.bbc.com/azeri/azerbaijan-54364455
- https://mod.gov.az/az/news/mudafie-nazirliyi-ermenistan-tebligati-yalan-danisir-32618.html