24.8 C
Gence
24.8 C
Gence

İsmət Qayıbov: Qarakənd faciəsində şəhid olmuş Baş prokuror

Biz ordunu da yaradırıq, qrupları da yaradırıq, OMONU-da yaradırıq ancaq erməni yaraqlıları ilə mübarizə üçün. Və bizim xalqımızın gücü çatacaq ki, biz onları tam məhv edək” – İsmət Qayıbov.

İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində əməkdar müəllim ailəsində anadan olub. O, ilk azərbaycanlı hərbi təyyarəçi, Fərrux ağa Qayıbovun olduğu Qayıbovlar soyundan idi.

İsmət Qayıbov orta təhsilini Gəncədə 1 saylı Maksim Qorkiy adına məktəbdə (indi İsmət Qayıbov adına 1 saylı pilot orta məktəb) alıb. Qayıbov 1967-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirib. O, 1969-cu ildə Əli-Bayramlı (Şirvan) Şəhər Komsomol Komitəsinin birinci katibi seçilib, 1971-ci ildə isə respublika prokurorluq orqanlarına işə qəbul edilib.

İsmət Qayıbov 1975-1778-ci illərdə Bakı Şəhər Prokurorluğunda müxtəlif vəzifələr tutub. O, 1978-1990-cı illərdə İsmayıllı və Əli-Bayramlı rayonlarının, Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb.

Qayıbov 1990-cı ilin avqustunda Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib. Daha sonra isə müstəqillik əldə edən Azərbaycan Respublikasının ilk Baş prokuroru, həmçinin III dərəcəli dövlət ədliyyə müşaviri vəzifəsini tutub.

İsmət Qayıbov 1991-ci ildə verdiyi müsahibədə erməni hərbi birləşmələrinin cinayətlərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edib. O, Quqarkda azərbaycanlılara qarşı törədilən qırğına görə cəmi dörd erməninin saxlanıldığını “biabırçılq” adlandırıb. Qayıbov 20 yanvar faciəsini “Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə” adlandırıb və bildirib ki, “bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxmışdılar”.

İsmət Qayıbov 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, bir sıra digər dövlət xadimlərinin də içində olduğu Mi-8 vertolyotunun erməni hərbi dəstələri tərəfindən vurulması nəticəsində şəhid olub.

Azərbaycan Respublikasının ilk Baş prokuroru Qayıbovun rəsmi dəfn mərasimi Bakıda keçirilib. O, I Fəxri Xiyabanda dəfn olunub.

Hazırda Bakıda Bakıxanov qəsəbəsində stadion, neft tankeri, ölkədə bir çox məktəb və küçə İsmət Qayıbovun adını daşıyır.

Mənbələr:

  1.  https://vetendas.az/ism%C9%99t-qayibov/
  2. https://modern.az/az/news/179699/sehid-general-ismet-qayibov-yasasaydi-76-yasi-tamam-olacaqdi-
  3. https://www.youtube.com/watch?v=-PlvurMdfXQ
  4. https://www.youtube.com/watch?v=yTXuP2nOwEg&t=179s
  5. https://aqreqator.az/ru/siyaset/908436
  6. http://femida.az/az/news/9033/M%C3%BC%C9%99mmal%C4%B1–%C5%9F%C9%99kild%C9%99-h%C9%99lak-olan-birinci-prokurorun—H%C6%8FYAT-HEKAY%C6%8FT%C4%B0-

Ən Çox Oxunan