26.9 C
Gence
23.5 C
Ganja

Samuxda dünyanın yeganə təbii Eldar şamı meşəliyi

Eldar Şamı Dövlət Təbiət Qoruğu Samux rayonu ərazisində Qabırrı çayının sol sahilində, dəniz səviyyəsindən 400-600 metr yüksəklikdə “Elləroyuğu” adlanan dağ silsiləsində yerləşir. Qoruq 2004-cü ildə yaradılmışdır. Qoruğun yaradılmasının məqsədi Eldar şamı meşəliyinin dünyada yeganə vətəni olan Elləroyuğunda təbii vəziyyətini qoruyub saxlamaq və mühafizəsini həyata keçirməkdir. Ərazidə qorunan Eldar şamı ağaclarının yaşı 100-120 il təşkil edir.

Hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı meşəliyi botaniki yasaqlıq elan edilib və qorunmağa başlayıb, 1948-ci ildə isə “Eldar şamı” yasaqlığı yaradıldı. Həmin zaman Eldar şamı respublikamızın və xarici ölkələrin müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlandı. Sonradan qoruq elan edilən Eldar meşəliyi 1961-ci ildə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi. Qoruq dövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 hektar artırıldı. Hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.

Ərazidə Eldar şamından əlavə, adi nar, adi zirinc, Pallas murdarçası, gürcü doqquzdonu, şərq şaqqıldağı, ağıriyli ardıc, Eldar dilqanadanı və başqa bitki növləri bitir. Qoruqda boz kəklik, adi turac, canavar, çöldonuzu, tülkü, adi kirpi, porsuq, boz dovşan, və s. heyvan növlərinə rast gəlinir. Burada qorunan Eldar şamı, Eldar armudu, kütyarpaq püstə bitki növləri, qonur ayı, çöl pişiyi kimi heyvan növləri “Qırmızı kitab”a daxildir.

Adı respublikanın “Qırmızı kitab”ına daxil edilmiş Eldar şamı (Pinuş eldarika) şamkimilər fəsiləsinə aid bitki növüdür. Bitki hələ 1901-ci ildə rus alimi S.Medvedyev tərəfindən öyrənilib.

Mənbələr:

  1. Tahir Orucov. Azərbaycanın qoruqları. Bakı-2008.
  2. “Azadlıq” qəzeti. Qafqaz Albaniyasının bir parçası. 3 avqust 2011.
  3. http://eco.gov.az/index.php?pg=109
  4. http://samux-ih.gov.az/az/page/13.html