10.3 C
Gence
10.3 C
Gence

Səbiskar qəbiristanlığının qədim sərdabələrindən biri: Hacı Mir Qasım ağa türbəsi

Hacı Mir Qasım ağa türbəsi Gəncədə, 1 saylı şəhər qəbiristanlığı  “Köhnə Səbiskar”da yerləşir. Türbənin inşa tarixi təxminən XIX-XX əsrlərə aid edilir. Burada Gəncənin məşhur xeyriyyəçisi Hacı Mir Qasım ağa dəfn edilib.

Türbə altıbucaqlı formaya malikdir. Məqbərə qırmızı kərpicdən inşa edilib. Türbənin tağvari formada üç pəncərəsi və giriş qapısı var. Məqbərə bir günbəzə malikdir və onun üzərində aypara rəmzi quraşdırılıb.

Türbənin iç hissəsi göy və mavi rənglərdə boyanıb. Burada Hacı Mir Qasım ağanın məzarı yerləşir. Qəbir yalnız qırmızı kərpicdən hörülmüş sinədaşından ibarətdir. Məqbərənin döşəməsi də kərpicdəndir. Türbənin divarında Hacı Mir Qasım ağanın çərçivədə rəsmi yerləşdirilib. Həmçinin məqbərənin divarında dörd kitabə var.

Hacı Mir Qasım ağa Gəncədə hörmətli insan olub. O, Bala Bağman məhəlləsinə kəhriz çəkdirib. Lakin bu kəhriz suyundan digər məhəllə sakinləri də istifadə edib.

Dövlət xadimi və diplomatı Adil xan Ziyadxanov xeyriyyəçi haqqında yazıb: “Gəncə əhli əbədi unudulmaz Hacı Mir Qasım Həmzə-zadənin ehsanı və onun ruhuna duaçı olar ki, həmən şəxs vücudunun ali hümməti və zəkavəti səbəbilə həmişəlik dünyaya yaxşılıqla bir ad qoydu. Məzkur Hacı vəfat edib 1916-cı ilin yanvar ayında. İki il vəfatından irəli öz qardaşları ilə bahəm Gəncə şəhərində bir böyük əsaslı çeşmə binasını qoyubdur ki, onun cəmaət ayyundan muzsuz nəfibərdar olur. Bu şəxs əlsiz-ayaqsızların dostu idi”.

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  2. http://ganca.org/index.php?option=com_content&view=article&id=40:hac-mir-qasim-aa&catid=20:tuerblr&Itemid=4
  3. https://www.youtube.com/watch?v=aBn0Nfv8920&t=812s
Hacı Mir Qasım ağa türbəsi
Foto Gencexeber.az
Hacı Mir Qasım ağa türbəsi
Foto Gencexeber.az

Ən Çox Oxunan