17.5 C
Gence
17.5 C
Gence

Ramazan bayramınız mübarək olsun!

Ramazan bayramının tarixi  623-cü ildən başlanır. Oruc ramazan ayında tutulduğu üçün ona “ramazan orucu” da deyirlər. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur.

Orucluq ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 gün davam edir. “Qurani-Kərim”də belə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”. Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

Ramazan bayramını məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar. Buna səbəb isə ramazan ayının gecələrindən birində müqəddəs “Qurani-Kərim”in nazil olmasıdır. Həmin gecə “qədr” və ya “ehya” gecəsi adlanır. Qədr gecəsinin dəqiq olaraq hansı gün olduğu bilinmir. “Qurani Kərim”in “Qədr” surəsində qədr gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.

Sovet dövründə orucluq qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər.

Ramazan bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli  “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, dövlət səviyyəsində qeyd olunmağa başlandı.

Mənbələr: 

  1. Əkbər Qocayev. Bayramlar və tarixi günlər. Bakı-2006.
  2. https://azerbaijan.az/related-information/76
  3. http://anl.az/el/i/ramazanayi.htm
  4. https://tehsil.com.az/ramazan-bayrami/

 

Ən Çox Oxunan