26.4 C
Gence
26.4 C
Gence

Qazaxlıların Gəncədə inşa etdiyi məscid

1801-1802-ci illərdə Qazax mahalı Rusiyanın tərkibinə daxil olduqdan sonra Gəncə hökmdarı, Cavad xan bir çox qazaxlı ailələrin Gəncədə məskunlaşmasına kömək etmişdir. Daha sonra onlar burada məhəllə salmış, 1886-cı ildə isə məscid inşa etmişdirlər. Məscidin tikintisində məhəllə ağsaqqaları Məşədi Zeynalabdin oğlu, Qəhrəman Məhərrəm oğlu və başqaları iştirak etmişdir.

İbadət evinin həyətində iki qəbir yerləşir. Məscidin həyətində dəfn edilən şəxsin biri Məşədi Allahverdi Kərbalayı Rüstəm oğludur. O, ermənilər yaşayan məhəllədə baş verən atışma nəticəsində həlak olub. Məşədi Allahverdinin Qazaxlar məhəlləsində tutduğu nüfuza görə, onu məscidin həyətində dəfn ediblər. Məşədi Allahverdinin ibadətgahın inşasında da rolu olduğu qeyd edilir.

İkinci məzar isə Paşa adlı şəxsin qəbiridir. Ermənilər ona şər ataraq, rus hərbiçilərinə, Paşanın rus əsgərini öldürdüyünü deyiblər. Bu yalana inan ruslar, Paşanı güllələyiblər. Paşa kimsəsiz olduğundan, məhəllə sakinləri yığışıb, onu məscidin həyətində dəfn ediblər.

Məscid qırmızı kərpicdən inşa edilib və düzbucaqlı formadadır. İbadət evi xalı ilə döşənib. Əsas giriş qapısının ön tərəfində baştağ yerləşir. Baştağdan sağ və sol tərəfdə iki otaq, içəridə isə ibadət zalı yerləşir. Məsciddə qadınların ibadət etməsi üçün yer ayrılıb. İbadət zalında doqquz tağvari pəncərə qoyulub. İbadətgahda dini kitablar oxumaq üçün kitabxana təşkil edilib. Məscidin günbəzinin fasad hissəsi ağ dəmir təbəqə ilə işlənib. Həyətyanı sahədə yardımçı otaqlar yerləşib.

Məscidin mehrabı əsas giriş qapısı ilə üzbəüz yerləşib və tağvari formadadır. Onun alt hissəsində “YA FATİMƏ” sözləri yazılıb. Minbər taxtadandır və altıpilləlidir.

Sovet dövründə məsciddən anbar, məktəb və digər məqsədlər üçün istifadə edilib.

1991-ci ildən bu günə qədər məscid fəaliyyət göstərir. 2018-ci ildə məsciddə əsaslı təmir işləri aparılıb. Qazaxlar məscidi Gəncənin Qazaxlar məhəlləsində, Təbriz küçəsi 327-də yerləşir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. https://www.youtube.com/watch?v=_2xqeW1ACVw

Ən Çox Oxunan