20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” tipli hərbi helikopter Ermənistan silahlı bölmələri tərəfindən vurulub.
Qarakəndin üzərindən uçan Mİ-8 N72 helikopteri 20 noyabr 1991-ci ildə saat 14:42 radələrində vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Əvvəlcə rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması deyilib. Lakin bir neçə gün sonra vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulduğu təsdiqini tapıb.
Vertolyotun vurulması nəticəsində ümumilikdə 22 nəfər həlak olub. Onların arasında Azərbaycan, Rusiya və Qazaxıstan dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri olub. Helikopterin düşdüyü yerə birinci erməni terrorçuları gəlib, həlak olanların əksəriyyətinin cəsədlərini eybəcər hala salıblar (cəsədlərinin üzərində güllə izləri).
Vurulmuş helikopterin “qara qutusu” Azərbaycan hakimiyyəti tərəfindən Moskvaya təhvil verilmiş, daha sonra isə onun yandığı elan edilmişdir.
Qarakənd faciəsi nəticəsində həlak olanların siyahısı:
- Tofiq İsmayılov – Azərbaycanın dövlət katibi, SSRİ xalq deputatı.
- Vaqif Cəfərov – SSRİ xalq deputatı, Şuşa rayon Xalq deputatları sovetinin sabiq sədri.
- İsmət Qayıbov – Azərbaycanın Baş prokuroru.
- Məhəmməd Əsədov – general-mayor, Azərbaycanın dövlət müşaviri (Azərbaycan Respublikasının sabiq daxili işlər naziri).
- Vəli Məmmədov – SSRİ Xalq deputatı.
- Qurban Namazəliyev – Azərbaycanın xalq deputatı, respublikanın meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini.
- Zülfü Hacıyev – Azərbaycan Baş nazirinin müavini.
- Osman Mirzəyev – Azərbaycanın əməkdar jurnalisti, Azərbaycan Prezidenti Aparatının mətbuat şöbəsinin müdiri.
- Alı Mustafayev – Azərbaycan televiziyasının müxbiri.
- Fəxrəddin Şahbazov – Azərbaycan televiziyasının operatoru.
- Arif Hüseynzadə – Azərbaycan televiziyasının işıqçısı.
- Rafiq Məmmədov – Azərbaycan dövlət katibinin köməkçisi.
- Nikolay Jinkin – daxili xidmət general-mayoru, fövqəladə vəziyyətin elan edildiyi rayonun komendantı.
- Vladimir Kovalev – daxili xidmət general-mayoru, Azərbaycan Respublikası DQMV Daxili işlər idarəsinin rəisi.
- Sergey İvanov – Azərbaycan Milli təhlükəsizlik nazirliyinin DQMV üzrə idarəsinin rəisi.
- İqor Plavski – DQMV prokuroru.
- Saylau (Sanlan) Serikov – Qazaxıstanın daxili işlər nazirinin müavini.
- D.Lukaşov – polis general-mayoru, RSFSR Daxili işlər nazirliyinin şöbə müdiri.
- Oleq Koçerev – polkovnik- leytenant, SSRİ Silahlı qüvvələri Baş qərargahının nümayəndəsi.
- Vyaçeslav Kotov – mayor, ekipaj komandiri.
- Dmitri Yalovenko (Yakovlev) – leytenant, baş pilot- şturman.
- Gennadi Dolqov – kapitan, baş texnik.