Pand Alban məbədi Gəncədən cənub istiqamətdə, Göygöl rayonu ərazisində yerləşən Kiçik Qafqazın Pand dağ silsiləsində, dəniz səviyyəsindən 2800-3000 metr yüksəklikdə yerləşir. Alban məbədinin inşa tarixini tikinti texnikasına görə X-XIII əsrlərə aid edirlər. Lakin bəzi mənbələr onun tikintisinin daha erkən dövrə, VI-VIII əsrlərə aid olmasını qeyd edirlər. Bu abidə “Pan məbədi” və ya “Band məbədi” kimi də tanınır.
Tədqiqatçı Arif Məmmədov “Gəncəbasarın Alban dövrü xristian abidələri” kitabında məbədi Qafqaz Albaniyasında xristianlığın qadağan olunduğu dövrə aid edir. O, buna səbəb kimi abidənin müdafiə məqsədi ilə belə hündürlükdə inşa edilməsini göstərir. Alban məbədinə ətrafdan yollar keçsə də, zirvəyə qalxmaq çox çətin idi. Həmçinin məbədin arxa tərəfində, onun yola baxan hissəsində iki ədəd mazğal formalı müşahidə və şərqə doğru müdafiə dəliyi qoyulmuşdu.
Alban məbədi haqqında bir əfsanə də mövcuddur. Deyilənə görə, bir-birini sevən iki gənc valideynlərindən qaçaraq, bu abidənin yerində qeybə çəkiliblər. Daha sonra buraya onları ayırmaq istəyən valideynləri gəlir, lakin yalnız qızın saçından düşən lenti tapırlar. Əfsanəyə görə, valideynlər məhz bu lentin üzərində məbədi inşa ediblər.
Məbədin eni 4 metr, uzunluğu isə 8 metrdir. İçərisində iki tağı və iki pəncərə yeri mövcuddur. Həmçinin abidənin iki ədəd şam qoymaq yeri olub. Alban məbədinin divarlarında xaçlar var.
Bərpa zamanı məbədin bir çox hissələrində olan xaçlar, ermənilər tərəfindən dəyişdirilib. Həmçinin abidənin üstü sonradan ağ mərmərlə döşənib.
Mənbələr:
- Arif Məmmədov. Gəncəbasarın Alban dövrü xristian abidələri. Bakı-2000.
- Abbas Seyidov. Yelenendorf-Yeleneno-Xanlar. Bakı-2007.
- Tarix və onun problemləri. №1-2. 2009
- https://www.youtube.com/watch?v=as7L_vCL_Os
- http://cavadxan.org/cavadxanzirvesi/13-cavad-xan-zrvs.html