13.6 C
Gence
13.6 C
Gence

Qədimdən Gəncədə məşhur olan səbəthörmə sənəti

Səbət qədim dövrlərdən Azərbaycan əhalisinin istifadə etdiyi yükdaşıma vasitələrindən biri olub. Səbətdən istifadə edərək, insanlar əldə, başda və arabalarda müxtəlif yüklər daşıyıblar. Səbət toxunmasının məşhur olduğu yerlərdən biri isə məhz Gəncə olub. Ehtimal edilir ki, burada bu sənətin 1000 ildən çox yaşı var.

Digər bölgələrdə səbətə yalnız bazarlığı daşıma və ya meyvə-tərəvəzi uzun müddət saxlama vasitəsi kimi baxsalar da, Gəncədə ənənəvi olaraq, səbət həm də onu hörən sənətkarın qabiliyyətini göstərən incə əl işi nümunəsi sayılıb.

Gəncədə səbəthörmə sənəti, əsasən, Bağmanlar məhəlləsində kök salıb. Bu sənətlə, əsasən, kişilər məşğul olub. Burada səbətlər müxtəlif ölçüdə hörülürdü. Ustalar səbətləri fərqli fiqurda, özünəməxsus şəkildə toxuyurdu. Toxunuşun da bir neçə növləri var idi. Məsələn, şahmatşəkilli, ovalvari, bəzəkli və ya qulpsuz, həmçinin ikigözlü səbətlər hörülürdü. Hətta 60-70 kq ərzaq tutan səbətlər də hazırlanırdı.

Səbət, əsasən, qarğıdan toxunur. Buna səbəb qarğının dayanıqlı material olması və ona qurd düşməməsidir. Belə səbətlər su, gün dəyməsə, 100 il keyfiyyətini itirmir. Gəncə səbəti uzunömürlü sənətkarlıq nümunəsi hesab olunur.

İndi Gəncədə səbəti, əsasən, bayram günlərində sovqat göndərənlər alır. Məhz Gəncə səbəti, adətən, hədiyyə məqsədilə digər bölgələrdə yaşayan qohum və ya dost-tanışa göndərilir.

Gəncə səbətinə daxil olan ərzaqlar var. Onların arasında mal və qoyun əti, kənd çolpası, kartof, soğan, pomidor, xiyar, lobya, badımcan, bibər, süd məhsulları (süd, qatıq, pendir, şor, yağ (kərə), dovğa), həmçinin meyvələrdən alma, armud, heyva, xurma, şaftalı, üzüm,  limon, un məmulatlarından lavaş, yuxa, təndir çörəyi, bütün göyərtilər, ləpə və  meyvə quruları var.

Hal-hazırda Gəncədə yalnız bir neçə nəfər səbət toxuma ilə məşğuldur. Onlardan Vilayət Qurbanovu və nəvəsi İsmət Rəhimovu qeyd etmək olar.

 

Mənbələr:

  1. Ayna.- 2010.- 4 dekabr.- S.16.
  2. https://intangible.az/front/az/aboutExample/16648
  3. https://www.ens.az/az/gence-metbexi
  4. https://www.yenigence.com/s%C9%99b%C9%99t-toxuma-s%C9%99n%C9%99ti-ata-baba-yadigarimizdir/

Ən Çox Oxunan