Gəncədə vaxtı ilə geniş yayılan çörək növlərindən biri Səngək çörəyidir. Bu çörək növünə bəzən “Gəncə çörəyi” də deyirlər.
“Səngək” sözü fars dilindən “xırda daşlar” kimi tərcümə olunur. Bu ad onun hazırlanma üsulundan əmələ gəlib. Səngək çörəyi xırda daşların üzərində, qırmızı kərpicdən hazırlanan kürələrdə bişirilir. Uzun və yastı çörək, əsasən, bozbaş, piti kimi duru, yağlı yeməklər üçün nəzərdə tutulur. Onun əsas üstünlüyü 3-4 gün ərzində təzə qalması və rahat həzm olunmasıdır. Bu səbəbdən də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə səngək çörəyindən istifadə etmək məsləhət görülür.
Səngəkin yaranması tarixçilər tərəfindən Səfəvi I Şah Abbasın dövrünə aid edilir. Əfsanəyə görə, çörəyi icad etmək şərəfi tanınmış alim və şair, şahın müşaviri Şeyx Bəhaiyə məxsusdur. Görkəmli sərkərdə kimi şöhrət qazanan Abbas dəfələrlə hərbi əməliyyatlar keçirib. Onun qarşısında duran çətinliklərdən biri ocaq və yüksək keyfiyyətli un olmadan döyüşçülərin qidalanması idi.
Bunu həll etmək üçün Şeyx Bəhai kəndlilərin tədarük etdiyi taxıldan çörək bişirməyi təklif etdi. Kiçik taxıl dəyirmanlarında üyüdülmüş un su ilə qarışdırıldı. Nazik və uzun xəmir parçaları odla qızdırılmış xırda daşların üstündə bişirilirdi. Üstəlik, bu ocaq şahın qoşunları ilə birlikdə daşınırdı: hər bir döyüşçü yəhərində kiçik bir çınqıl torbası daşıyırdı. Düşərgədə daşlar birləşdirilir və onların üzərində çörək bişirilirdi.
Bu çörək balatı ilə hazırlanır, tərkibinə heç bir kimyəvi maddə qatılmır. Balatı ilıq su ilə qarışdırılır, qarışığa un əlavə edilir və xəmir yoğrulur. Xəmir rəfətədə yayılır və digər çörəklərdən fərqli olaraq üzərinə yumurta yox, su vurulur. Çörəyin üstündə qaz lələkləri ilə işləmələr aparılır. Bəzən çörəyin üzərinə küncüt də səpilir. Sonra xırda daşlardan hazırlanan kürələrdə bişirilir.
Mənbələr:
- Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.
- Громов А.Б., Табаи С.Н. Персия: история неоткрытой страны. Москва -2017.
- Azərbaycan dilinin izahlı lüğəti. IV cild. Bakı-2006.
- https://www.gotovim.ru/national/iran/52733.shtml
- https://azertag.az/xeber/Gencenin_qedim_chorek_novu_Sengek_choreyi_VIDEO-2161436