10.3 C
Gence
10.3 C
Gence

Qədim Gəncənin sənətkarlarının yaşadığı Xarabat məhəlləsi

Xarabat yeri sənətkarlıq kompleksi Gəncədən 6-7 km şimal-şərqdə, Qədim Gəncənin xarabalıqlarında yerləşir. Bu arxeoloji abidə IX-XIII əsrlərə aiddir. Həmçinin mənbələrdə buranın adı “Xərabat”, “Xarabayeri”, “Xarabat məhəlləsi” kimi qeyd edilir.

Orta əsrlərdə müsəlman şəhərlərində şairlərin, musiqiçilərin, müğənnilərin, rəqqasələrin və digər sənətkarların məskunlaşdığı, vaxtlarının əhəmiyyətli hissəsini burada keçirdiyi yerlərə Xarabat deyilirdi. Xarabatda bir qayda olaraq, şərab ticarəti ilə məşğul olurdular. Klassik ədəbiyyatda “xarabat” (xərabat) sözü meyxana mənalarında işlənirdi.

Qədimdə Gəncədə şair və xanəndələr, rəqqasələr, söz ustadları məhz bu Xarabat məhəlləsinə toplaşırdılar. Burada sənətkarlar məclislər düzəldər və elm, şeir, sənət, musiqi mövzuları haqqında danışardılar.

Azərbaycanın ilk qadın şairəsi, şahmatçı və musiqiçisi hesab edilən Məhsəti Gəncəvi  Xarabat məhəlləsində yaşayıb. Şairənin əsərləri sırasında Xarabat məhəlləsinə və burada yaşayan gənc sənətkarlara həsr etdiyi şeirlər mövcuddur.

Məhsəti Gəncəvinin Xarabat haqqında yazdığı rübai:

Xərabat – yeridir igid ərlərin,

Burda yeri yoxdur bədgövhərlərin, 

Hörmətlə qədəm qoy bu yola, çünki 

Yeri deyil bura hiyləgərlərin”.

“Məhsəti və Əmir Əhməd” dastanında da bu məhəllə haqqında yazılıb. Dastanda Məhsətinin Xarabatda səsini dinləmək üçün zadəganlar və tacirlərin Gəncəyə gəldiyi yazılır. Həmçinin dastanın məzmununa əsasən, Gəncə xətibinin oğlu Əmir Əhməd şəhəri gəzən zaman Xarabat məhəlləsində musiqi sədaları eşidir və oradakı meyxanələrdən birində Məhsəti Gəncəvini görür.

Nizami Gəncəvi Xarabat məhəlləsi haqqında belə yazıb:

Xərabatın yolundan varmı yaxşı yol?

Xərabata üz qoysam, hamı deyər: “yaxşı yol””.

Xarabat yeri sənətkarlıq kompleksi ölkə əhəmiyyətli arxeoloji abidə hesab edilir.

Mənbələr:

  1. Məhsəti Gəncəvi. Rübailər. Bakı-2004.
  2. Dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvi. Bakı-2013.
  3. Humanizmi, nikbinliyi ilə seçilən şairə. Bakı-2018.
  4. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.
  5. https://edebiyyatqazeti.az/news/sience/7719-nizami-poeziyasi-ve-tarixi-gerceklikler
  6. https://azerhistory.com/?p=31432
  7. https://ganja.mctgov.az/az/monview/361/634/Xarabat_yeri_senetkarliq_kompleksi
  8. https://www.azerbaijan-news.az/index.php/posts/detail/gunes-kimi-nur-sacir-15481

 

Ən Çox Oxunan