25 may 1920-ci il tarixində Gəncədə sovet rejiminə qarşı üsyan başladı. Üsyan zamanı və o yatırıldıqdan sonra bolşeviklər dinc əhalini cəzalandırmağa başlayırlar. Bu qanlı hadisələri törətməkdə sovet ordu hissələri ilə bərabər, Gəncədə yaşayan ermənilər də iştirak edirdilər. Şəhərin bir çox məhəllələri top atəşinə tutulur, insanlar qətlə yetirilirdi. Belə yerlərdən biri Gəncənin ən böyük və ən qədim məhəllələrindən biri Ozan məhəlləsi idi.
Üsyanın şahidlərindən biri, təyyarəçi Məhəmməd Altunbay “Azadlığa uçan türk” adlı kitabında bu məhəllədə baş verənlər haqqında danışıb. Altunbay yazıb: “Birdən müdhiş çığırtılar qopdu, anaların fəryadı bütün Gəncəni sarsıtdı…Başımızı geriyə çevirəndə dəhşətdən donub qaldıq. Gözlərimizə inanmadıq. Erməni, rusmu olduqlarını anlaya bilmədiyimiz iki əsgərin, havaya qaldırdıqları süngülərin ucunda iki balaca cocuq çırpınırdı. Gözu qızmış o əsgərlərin süngü tutan əllərindən yerə qan sızırdı…”.
Gəncəli təyyarəçi, həmçinin məhəllə məscidində baş verənlərdən yazıb: “Ən böyük faciə Ozan məscidindəydi…Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu. Məscidin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaratmışdı…Diri-diri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa, yanmayan, fəqət qaralıb qalan əllər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı…Küçənin o biri başında beş-altı erməni akkardion çalırdı.”
Ozan məscidində silahsız qadın, uşaq və qocalar ermənilər tərəfindən diri-diri yandırılmışdı.1920-ci ildə məscidin axundu olan Məşədi Hüseynin nəvəsi Hüseyn bu olanları atasından eşitdiyini və hadisələrin doğruluğunu təsdiq edir. Deyilənə görə, Məşədi Hüseyn isə qəlpə yarasından vəfat edib.
Mənbələr:
- Əhməd İsayev. Gəncə üsyanı. Bakı-1997.
- Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.
- Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.
- Foto: Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.