14.7 C
Gence
14.7 C
Gence

Nizami Gəncəvinin irsini nümayiş etdirən Gəncə Dövlət Nizami Poeziya Teatrı

Gəncə Dövlət Nizami Poeziya Teatrı şəhərin Heydər Əliyev prospekti, 581-591 ünvanında yerləşir. Teatr 1979-cu ildə yaradılıb. 2008-ci ildən Poeziya teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirilib və hazırda onun açıq hava səhnəsi kimi fəaliyyət göstərir.

Nizami Poeziya teatrı Nizami Gəncəvi irsini birbaşa tamaşaçılara nümayiş etdirən, açıq havada müasir teatr texnikasından istifadə edilən peşəkar sənət ocağı idi. Teatrın ilk adı “Zərrabi” Nizami Dövlət Poeziya teatrı olub. Burada 1979-cu ilin payızında ilk tamaşa – Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Slavyan gözəlinin hekayəti” oynanılıb. Bu tamaşanın müəllifi yazıçı Altay Məmmədov, quruluşçu rejissoru isə Hilal Həsənov idi.

Daha sonra teatrın repertuarına “Şairin gənclik illəri”, “Xeyir və Şər”, “Gül və Zəhər”, “Mahanın hekayəti”, “Zəhmət dastanı”, “Məhəbbət əfsanəsi”, “Bəhram şah və Fitnə”, “Leyli və Məcnun”, “Çoban və Bəhram” və başqa tamaşalar daxil oldu.

Nizami Poeziya teatrında Məhəmməd Bürcəliyev, Ələddin Abbasov, Sədayə Mustafayeva, Əli Allahverdiyev, Alim Məmmədov, Faiq Qasımov, Telman Əliyev, Elnaz Yusifova kimi sənətkarlar çalışıblar.

1987-1990-cı illərdə teatrın fəaliyyəti zəif idi. 1990-cı ildə Əməkdar artist Telman Əliyevin rəhbərliyi ilə teatrın əvvəlki repertuarı bərpa edilir, buraya yeni yaradıcı qüvvələr qəbul olunur. Həmçinin teatrda dünya ədəbiyyatı nümunələrinə aid tamaşalar səhnələşdirilir. Lakin əsas tamaşalar Nizaminin irsindən nümunələr olurdu. Bu dövrdə teatrın repertuarına iki yeni nümunə – “Bəhram şah” və “Əbədi diriyəm mən” əlavə edildi.

Teatrda 2005-ci ildə Nizami Gəncəvinin “Leyli və Məcnun” və Vilyam Şekspirin “Romeo və Cülyetta” əsərləri əsasında “İki sevgi və əbədiyyət” tamaşası hazırlanır.

Rus yazıçısı Yuri Arakçeyev o vaxt Poeziya Teatrının tamaşasına baxdıqdan sonra təəssüratlarını “İzvestiya” qəzetində yazır. O, açıq səma altında oynanan tamaşanı belə təsvir edib: “Ay səmadan boylandı ki, dahi şairin obrazlarına tamaşa etsin. Bu heç nə ilə əvəz olunmayacaq bir mənzərə idi”.

Gəncə Dövlət Nizami Poeziya Teatrı qədim Zərrabi məscidinin binasında yerləşir. Bu ibadətgah XIX əsrdə məhəllə ağsaqqallarının təşəbbüsü və yerli sakinlərin vəsaiti ilə inşa edilib.

Mənbələr: 

  1. İlham Rəhimli. Azərbaycan teatr ensiklopediyası. II cild. Bakı-2017.
  2. F.M.Rzayev. Nizami və teatr. Bakı-2008.
  3. Ədalət.- 2010.- 19 oktyabr.- S. 4.
  4. https://www.medeniyyet.az/page/news/57180/.html
  5. http://www.e-qanun.az/framework/15541

Ən Çox Oxunan