16.4 C
Gence
16.4 C
Gence

Nizami Gəncəvinin “Fitnə” hekayəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan dördüncü əsəri “Yeddi gözəl” poemasıdır. Şair poemada bir çox hekayə və nağıllar qələmə alıb. Onlardan biri “Fitnə” hekayəsidir.

Bəhram şah mahir ovçu idi və hər ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi (qulluqçu) vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi. Səbəbini soruşanda isə deyərdi:

– Bu ki məharət deyil, vərdişdir. O qədər ov etmisən ki, artıq quşu gözündən vurmağa öyrəşmisən.

Sonda Bəhram şah kənizə qəzəblənir, sərkərdəni çağırıb əmr edir ki, Fitnəni öldürsün. Sərkərdə: “baş üstə”,- deyib gedir, lakin yolda fikrini dəyişir. Öz-özünə deyir: “Bəhram şah Fitnənin xətrini çox istəyir. İndi ona qəzəblidir deyə belə hökm verdi. Hirsi soyuyandan sonra peşman olacaq”. Sərkərdə Fitnəni öz evinə gətirir və o, orada yaşamağa başlayır.

Sərkərdənin çoxlu mal-qarası olur. Bir gün onun inəklərindən biri balalayır. Alnında ağ ləkə olan buzov Fitnənin xoşuna gəlir. O, hər gün buzovu boynuna alıb yuxarı qaldırır, eyvanda yedizdirir və aşağı düşürürdü. Buzov gündən-günə böyüyür və kökəlirdi. Buzov ağırlaşdıqca, sanki Fitnəyə yeni güc gəlirdi.

Bir gün sərkərdə Bəhram şahı evinə qonaq çağırır. Onlar yeyib-içəndən sonra sərkərdə şaha deyir:

– İmarətimdə gözəl bir qız yaşayır. Hər gün yekə bir öküzü boynunda bu eyvana çıxarır. Özü də birnəfəsə. Heç dincini də almır.

Bəhram şah bu sözlərə inanmır. Sərkərdə Fitnəyə xəbər göndərir ki, öküzü yuxarı qaldırsın. Fitnə üzünə rübənd (qadınlarda üz örtüyü) salır və öküzü boynuna alıb düz eyvana qaldırır.

Bəhram şah deyir:

– Bu, sənin güclü olmağından xəbər vermir. Görünür, bu öküz balaca olandan sən bu işə vərdiş eləmisən.

Fitnə deyir:

– Çox qəribədir, deməli, öküzü qaldırmaq vərdişdəndir, amma ov ovlamaq məharətdən?

Bunu deyib, qız rübəndi üzündən götürür. Bəhram Fitnəni tanıyır və onu qucaqlayır. Sarayına gətirib Fitnə ilə ailə qurur. Sərkərdəyə isə qiymətli hədiyyələr bağışlayır.

Akademik İsa Həbibbəyli Fitnə haqqında belə qeyd edir: “Nizami Gəncəvi ideal qadın obrazını Fitnə obrazı vasitəsilə canlandırıb…Fitnə sadə, adi insanın Azərbaycan ədəbiyyatındakı ilk ən mükəmməl nümayəndələrindən biridir”.

1970-ci illərdə “Fitnə” adlı cizgi filmi çəkilib.

Mənbələr: 

  1. Nizami Gəncəvi. Fitnə. Bakı-2009.
  2. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı-2004.
  3. https://www.azerbaijan-news.az/posts/detail/azerbaycan-edebiyyatinin-dunya-gozeli-1619641472
  4. https://edebiyyat.ucoz.com/index/0-19

Ən Çox Oxunan